2025-ci il, fevralın 3-də AFFA İcraiyyə Komitəsinin iclasında ölkə futbolu üçün ən mühüm qərarlardan biri verildi – legioner limiti ləğv olundu. Bu, futbol ictimaiyyətinin böyük hissəsi tərəfindən birmənalı qarşılanmadı. “Can verən” milli komandanın bundan sonra “öldüyünü” deyənlər kim, heç bir yaxşı tərəfinin olmadığını deyənlər kim...
Amma hər kəs tələsir. Başa düşmək lazımdır ki, bu strategiya bir-iki ilə bəhrə verməyəcək. Xeyri isə illər ərzində görüləcək. 2025/2026 mövsümü başlayandan meydanda 11 legioner futbolçunun oynamağına icazə var. Qısa müddət ərzində limitin ləğvi hansı faydalar verib? Ümumi nəzər salaq.
Çempionata maraq. Sürət və rəqabət artıb.
Mübahisəli məsələdir ki, bu mövsümkü çempionat əvvəlkilərdən daha maraqlıdır. Ötən mövsümlər maraqsız deyildi, amma bu dərəcədə dinamika və rəqabət var idimi? Tribunalara üz tutan azarkeşlərin sayı da yavaş-yavaş çoxalır. 8 ilin azarkeş rekordu bu mövsüm qırıldı. Legionerlərin çoxu ortabab yerli futbolçudan keyfiyyətlidir. Elə buna görə daha çox maaşla cəlb olunur. Bu da istər-istəməz komandaların keyfiyyətini artırır.
Rəqabət əvvəlki mövsümlərdə də var idi. Amma bu rəqabət çempionatda qalmaq uğrunda, ən yaxşı halda avrokuboklara düşmək üçün idi. Cari mövsümdə tək avrokuboklar yox, həm də çempionluq mübarizəsi var. “Qarabağ” və “Sabah” arasındakı bu qarşıdurmanın sona qədər gedəcəyindən şübhə yoxdur. Bu da elə birbaşa legionerlərin gətirilməsi ilə bağlıdır. Niyə?
Nə qədər legioner, o qədər keyfiyyət
Çox uzağa getməyək, son kubokun final oyunu. Elə adı çəkilən komandalar arasında olmuşdu. Hər iki komanda 4 yerli futbolçu ilə meydana çıxıb. Bu da məcburiyyətdən. “Qarabağ”da meydana çıxan yerli futbolçular: Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Nəriman Axundzadə. Toralla Nəriman bu mövsüm “Qarabağ”ın ehtiyat skamyasının əbədi sakinlərindən olublar. Çünki Elvin Toralı, Kamilo Duran isə Nərimanı əsas heyətdən sıxışdırıb çıxarmağı bacardı. “Sabah”ın start heyətindəki 4 futbolçuya nəzər salaq: Anatoli Nuriyev, Ayaz Quliyev, Rəhman Daşdəmirov, Xəyal Əliyev. Anatoli və Ayaz o qədər ehtiyatda qaldılar ki, bezdilər, baş götürüb getdilər. Rəhman hələ ki, səbirli davranır, amma ona da əsas heyətdə yer yoxdur. Bəs Xəyal?
Daimi oynayan yerli futbolçuların kəmiyyəti azalsa da, keyfiyyəti yüksəlib
Xəyal Əliyev buna nümunələrdən biridir. Onun istedadı ilk oyunlarından hiss olunub. Amma qeyri-sabit oyunu, ehtiyatda qalmağı artıq ona olan ümidləri kəsmişdi. Nümunə təkcə Xəyal deyil.
Elvin Cəfərquliyev gələn mövsüm “Qarabağ”da qalsa, daha da yaxşı performans göstərəcək. Çünki onun mövqeyinə legioner futbolçu transfer olunub. Toralın Elvinlə forma mübarizəsini uduzması artıq bu mövqeyə legioner gətirilməsinə səbəb oldu.
Murad Məmmədov Yuri Vernidubun gəlişindən sonra yenidən oynamağa başlayıb. Artıq əcnəbi klublardan təklifləri də var. Muradın özü də ən yaxşı təklifdə ölkədən getməyi istəyir. Qismət Əliyev uzun müddətdir sabit çıxış edən, mövqeyinin ən yaxşılarındandır. Emin Mahmudov nə qədər legioner transfer olunsa da, formasında olanda komandanın əvəzedilməzi, lideridir. Ümumiyyətlə, bunu başa düşmək lazımdır ki, limitə görə məcburi yox, legionerlərin içindən seçilib oynayan yerli futbolçu həm daha istəkli oynayar, həm də keyfiyyətinin yüksəldiyini, artıq əsas heyət üzvü olduğunu dərk edər. “Qəbələ”də sol cinahda Nuğay Rəşidov, sağda Eşqin Əhmədovun da nə qədər keyfiyyətli olması göz önündədir. Rza Cəfərov da özünə “Neftçi”də yer tapmadı, amma...

Legioner limitinin ləğvi kiçik büdcəli komandalara da müsbət təsir etdi
Rza Cəfərov “Neftçi”də limit olduğuna görə meydana çıxırdı. İvan Brkiç kimi təcrübəli qapıçı limitə görə ehtiyatda qaldı. Bu mövsümün əvvəlindən limit yoxdur və “Neftçi”ni çalışdıran məşqçi korpusu Kenan Piriçi Rzadan üstün görüb. Rza da qışda icarə əsasında “Qəbələ”yə getdi. Abdulla Rzayev “Turan Tovuz”da əcnəbilərin içində itib-batdı. O da qışda “Şamaxı”ya getdi və fərq yaratmağı bacarır. Azər Salahlı, Filip Ozobiç kimi bir neçə nümunə də var ki, təcrübələri ilə komandalarına böyük kömək edirlər.
Limitin ləğvindən sonra oyun praktikasından əziyyət çəkən futbolçular
Start heyətində legioner limiti olmayandan bəri – bu mövsüm bəzi yerli futbolçular ehtiyat skamyasının daimi “sakinlərinə” çevriliblər. Namik Ələskərov əvvəlki mövsümlərdə “Sabah”ın əvəzedilməz futbolçularından idi. 2020/2021 mövsümündə çempionatımızın bombardiri olan Namik ötən mövsüm “bayquşlar”ın əsas fiqurlarından biri olmasa da, Vasili Berezutski limitə görə onu özünə aid olmayan mövqelərdə də sınayırdı. Bir neçə oyunda Ələskərovun dayaq yarımmüdafiəçisi də oynadığının şahidi olmuşuq. Bu mövsüm isə daha az legioneri olan “Zirə”də şans qazana bilmir. Mümkün 23 çempionat oyununun cəmi doqquzunda meydanda olub, 275 dəqiqə şans qazanıb. Bu da o deməkdir ki, oynadığı oyunların da orta hesabla cəmi üçdəbiri – 30 dəqiqəsində oynayıb.
“Turan Tovuz”un birinci kapitanı olan Şəhriyar Əliyev ötən mövsümün sonlarında ciddi zədə aldı. Amma sağalandan sonra da oynamayacağını düşünmək çətin idi. Üç legioner – Miller, Urtado, Hakman triosu Şəhriyarı heyətdən sıxışdırıb çıxardı. Şəhriyar bu mövsüm cəmi üç oyuna çıxıb, birində start heyətində meydanda olub. Həmin oyunda da komandası iki qol buraxıb. Ötən mövsüm yaxşı formada olan Əliyev forma mübarizəsini aşkar şəkildə üç əcnəbi futbolçuya uduzur. Amin Seydiyev “Sabah”ın əsas kapitanıdır. Ötən mövsüm onun limitə görə məcbur oynadığı bilinirdi. Amin bu mövsüm ancaq Valdas Dambrauskas Akim Zedadkaya istirahət vermək istəyəndə onu meydana buraxır. 27 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm orta hesabla cəmi elə yaşı qədər – 27 dəqiqə meydanda olub.
Aminin komanda yoldaşı Tellur Mütəllimovu isə bu mövsüm demək olar, meydanda görməmişik. O, ümumilikdə 27 dəqiqə meydanda olub. Hətta 7-ci turda “Sabah”ın hücumçusu Coy-Lens Mikels zədələnəndən sonra oyunun son saniyələrində meydana çıxdığına görə də etiraz etmişdi. O, paytaxt təmsilçisinin heyətində rahat deyil. Möcüzə baş verməsə, “Sabah”a yeganə titulunu qazandıran futbolçu mövsümün sonunda komandadan ayrılacaq.
Ötən mövsümə “Sabah”da başlayan, qışda “Neftçi”yə transfer olunan Elvin Camalov da “gözdən çıxarılıb”. Mövqeyində İfeanyi Metyu, Sessi D’Almeyda, Emin Mahmudov və Edvin Kuçun hər birinə forma mübarizəsində məğlub olur. Meydana çıxanda fiziki durumunun yerində olduğu görülür. Amma Elvin hazırda “legionerlər dənizində boğulur”.
Bu dediklərimizi statistika ilə gücləndirək:

Əlavə edək ki, Elvin Camalov 2024/25 mövsümünün ikinci yarısında “Neftçi”yə qoşulub və yalnız “ağ-qaralar”dakı çıxışı nəzərə alınıb.
Limitin ləğvindən Misli Premyer Liqasında komandalarında hansı yerli futbolçular davamlı oynayır?
“Sabah” - 1 futbolçu.
Hazırda çempionatın lideri olan “Sabah”da bu mövsüm daimi olaraq meydana çıxan yerli futbolçu, sadəcə, Xəyal Əliyevdir. O da digərlərinə nisbətdə. Abdulla Xaybullayev oyunların son dəqiqələrində meydana çıxır, Amin Seydiyevlə, Rəhman Daşdəmirov əsasən rotasiyada istifadə olunur. Coy-Lens Mikelsin uzunmüddətli sıradan çıxması Xəyala oynamağa, özünü göstərməyə şərait yaratdı. 22 yaşlı futbolçu bu mövsüm çempionatda mümkün 23 oyunun 20-də meydanda olub. Amma bu görüşlərin doqquzunda sonradan meydana daxil olub.
“Qarabağ” - 3 futbolçu.
Çempionatda “Qarabağ”ın optimal heyətini daimi olaraq son turlarda - Çempionlar Liqasından kənar qalandan sonra görürük. Bəhlul Mustafazadə artıq mövsümün sonunadək sıradan çıxıb. Çempionatda 8 oyuna çıxıb, cəmi üçündə start heyətində olub. Elvin Cəfərquliyevlə, Bədavi Hüseynov “onbirlik”də, Musa Qurbanlı isə adətən, ikinci hissədə daimi olaraq meydanda tər tökür.
“Turan Tovuz” - 2 futbolçu.
Yazının məqsədi Azərbaycan futbolunun inkişafı olduğuna görə Filip Ozobiçi yerli kimi hesablamadıq. Hazırda Kurban Berdıyevin kollektivində yerli futbolçulardan yanlız Rəhim Sadıxovla, Ayxan Hüseynov komandanın əsas futbolçularındadır.
“Zirə” - 4 futbolçu.
Komandanın lideri, əvəzedilməzi Qismət Alıyevdir. O, Rəşad Sadıqovun meydandakı “sağ əlidir”. Daimi olaraq şans qazananlar qışda komandaya icarə əsasında gələn Rüfət Abdullazadə, Ceyhun Nuriyev və İsmayıl İbrahimlidir. Anatoli Nuriyev də yavaş-yavaş əsas fiqurlardan birinə çevrilir.
“Araz-Naxçıvan” - 4 futbolçu.
Andrey Demçenkonun gəlişindən sonra daimi olaraq oynayanlar Bəxtiyar Həsənalızadə, Slavik Alxasov, Coşqun Diniyev və Mustafa Əhmədzadədir. Sağ cinah müdafiəçiləri kapitan Urfan Abbasovla, Ömər Buludov isə görünən qədərilə ukraynalı mütəxəssisin planlarına uyğun deyil. Hətta sol cinah müdafiəsində başqa mövqelərin “sakinləri”ni oynadır. Ötən turlarda Nuno Rodriges oynayırdısa, “Karvan-Yevlax”la oyunda İssuf Parronu burda gördük.
“Neftçi” - 4 futbolçu.
Yuri Vernidubun “Neftçi”də ən bəyəndiyi futbolçu Emin Mahmudov daimi olaraq meydandadır. O gələndən sonra Murad Məmmədovla, Emil Səfərova da “nəfəs verib”. Elvin Bədəlov da mövsüm başlayandan bəri müdafiənin əvəzedilməzidir. Düzdür, Murad Xaçayev də oynayır, amma o, əsasən heyətdə itki olanda meydanda olur. Bu mövsüm onu sol və sağ cinah müdafiəsində də, mərkəzdə də, dayaq yarımmüdafiəçisi mövqeyində də görmüşük.
“Sumqayıt” - 3 futbolçu.
Rəhbərliyin son oyunlardakı stratregiya dəyişikliyini nəzərə almasaq, sabit olaraq 4 yerli futbolçu oynayır. Qapıçıların ikisi də yerlidir - Mehdi Cənnətov da, Xəyal Fərzullayev də. Rüstəm Əhmədzadə və Səbuhi Abdullazadə isə daimi olaraq əsas heyətdə meydana çıxırlar. Höccət Haqverdini də Ozobiçə aid olan səbəbə görə yerli kimi hesab etmədik.
“Şamaxı” - 6 futbolçu.
Ötən mövsüm U-21 milli komandamızın bazası kimi nəzərdə tutulurdu. Yerli və gənc futbolçulardan ibarət komanda olacağı deyilirdi. Planlar dəyişsə də, görürük ki, ən çox yerli futbolçuların şans qazandığı komandalardan biri Ayxan Abbasovun kollektividir. Rüfət Abbasov, Arsen Ağcabəyov, Edqar Adilxanov, Abdulla Rzayev, Oruc Məmmədov, Emil Süleymanov daimi olaraq oynayır.
“İmişli” - 3 futbolçu.
Komandanın özəyi Portuqaliyanın aşağı liqalarından gələn legionerlərdən formalaşıb. Kapitan Azər Salahlıdan başqa daimi oynayan yerli futbolçular isə İdris İnqilablı ilə Abbas Ağazadədir.
“Kəpəz” - 8 futbolçu.
Ən çox daimi olaraq yerli futbolçuların oynadığı komanda “Kəpəz”dir. Yayda yanlış edilən transferlər qışdan sonra komandanı yerlilərdən aslı vəziyyətə saldı. Yusif İmanov, Məqsəd İsayev, Rauf Hüseynli, Camal Cəfərov, Şakir Seyidov, Ehtiram Şahverdiyev, Ülvi Səmədov və Rəhman Hacıyev Gəncə təmsilçisində daimi oynayan futbolçulardır.
Azər Bağırovun gileyləndiyi əsas məqam da “legionerlər çempionatında” yerlilərlə baş çıxarmağın mümkünsüzə yaxın olduğudur.
“Qəbələ” - 6 futbolçu.
Komandanın arxa xəttini yerlilər təşkil edir. Qapıda Rza Cəfərov, müdafiənin cinahlarında Turan Manafov, Eşqin Əhmədov, Nicat Əliyev, Nuğay Rəşidov, mərkəzində də kapitan Murad Musayev. Yarımmüdafiədəki Şahin Şahniyarov isə artıq “onbirlik”dəki yerini itirib. Hücumçu Fərid İsgəndərova isə bir çox oyunlarda matçın sonlarında ehtiyac duyulur.
“Karvan-Yevlax” - 6 futbolçu.
Bu komandanın əsas problemi yerlilərinin də elita səviyyəsində olmamasıdır. Qışdan sonra daimi olaraq oynayan yerlilər Elvin Yunuszadə, Emin Rüstəmov, Vadim Abdullayev, Rauf Rüstəmli, Uğur Cahangirov və Samir Abdullayevdir. Eltun Turabov və Vüsal Məsimov isə artıq nadir hallarda meydanda olurlar.
Limitin ləğvindən sonra ölkədən gedənlər
Milli komanda olaraq Gürcüstanı özümüzə nümunə göstəririk. Qonşu ölkədə legioner limiti yoxdur. Yerli futbolçulara da olduqca az maaş təklif edirlər. Onlar da məcbur qalıb xaricə üz tuturlar. Bizim futbolçular da yavaş-yavaş xaricə ayaq açır. Düzdür, hələ ki, keyfiyyətli çempionatlara, komandalara gedən yoxdur, amma bu o demək deyil ki, olmayacaq. Ən azından ənənə formalaşır. Hələ bir mövsüm deyil ki, limit yoxdur. İllər sonra mütləq ki, xeyri görünəcək. Limitin ləğvi Azərbaycan futbolunun inkişafı adına verilən ən doğru qərarlardan biri, bəlkə də birincisidir. Amma bağ salmaq üçün çiçəklərin açmasını gözləmək lazımdır. Yəni səbirli olsaq, istər çempionata, istər milli komandaya bunun nə dərəcədə faydalı olduğunu görərik.
2025-ci ilin yayında Azərbaycandan xaricə transfer olan yerli futbolçular:

Qeyd edək ki, T. Manafov, R. Abdullazadə, Y. İmanov və İ. Muradov yenidən Azərbaycana qayıdıb.
Bu məsələ ilə bağlı veteran futbolçu, Azərbaycan yığmasının sabiq baş məşqçisi və hazırda AFFA Məşqçilər Komitəsinin sədri olan Vaqif Sadıqovun fikirlərini də öyrəndik:
“Bu mövsüm çempionatın səviyyəsi artıb, rəqabət çoxalıb. Rəqabət olan yerdə də yerli futbolçularımız özlərinə yer etmək üçün legionerlərlə mübarizə aparmağa məcbur qalır. Milli komandaya dəvət olunanların çoxu da rəqabətdə üstün olanlardır. Bu da milli komandaya ancaq müsbət təsir edə bilər. Müsbət tərəfi deyəndə, mənfini də demək lazımdır. Futbolçu oyun təcrübəsinə malik olmalıdır. AFFA iki əlavə komanda da artırdı ki, yerli futbolçular iddialı klubda olmasa da, elitada çıxış etsinlər. Bəzi futbolçular da bundan istifadə edə bildi. Abdulla Rzayev “Turan Tovuz”da özünə yer tapa bilməsə də, qışda düzgün qərar verərək “Şamaxı”ya getdi. Bu həm komandaya, həm futbolçuya xeyirdir – təcrübə qazanır. Futbolçu oynayaraq inkişaf edir. Bunun üçün şərait yaradılmalıdır. Bu gün klub rəhbərləri gəncləri icarəyə verməklə öz nəzarətləri altında saxlayırlar. Mən həmişə deyirdim ki, limitin ləğv olunmasının təsirini zaman göstərəcək. Çempionatın sonunda ciddi təhlilə ehtiyac olacaq. Məncə, gec-tez limit ləğv edilməli idi. Bu qərarın düzgün vaxtda verildiyini bilmək üçün zamana ehtiyac var. Aydın məsələdir ki, çempionatda və komandalarda səviyyə, rəqabət artıb. Yerli futbolçular da məcbur inkişaf edirlər. İlin ən yaxşı futbolçusu Elvin Cəfərquliyevə də xaricdən dəvətlər var. Əsas odur, bizim çempionatdan üstün olan liqalarda oynasın”.

Təcrübəli mütəxəssis “Neftçi”nin vunderkindi Murad Məmmədova “Pafos” və başqa Avropa klublarından gələn təkliflər haqda da danışıb: “Murad Məmmədov gəncdir. Amma o, “Neftçi”də əsas oyunçuya çevrilməsə də, potensialı varsa, “Pafos” və ya başqa tanınmış klubdan təklif gəlibsə, getməlidir. “Pafos” kimi klublar da hər futbolçuya təklif göndərməz, elə-belə yerdən futbolçuya vəsait ayırmaz. Deməli, Muradı dərin təhlil ediblər. Arzulayırıq ki, Murad kimi digər istedadlı futbolçularımıza da imkan yaradılsın, özlərini sübut etsinlər. Elə “Neftçi”də də, digər komandalarda da nə qədər gənc, istedadlı uşaqlar var. Ümid edirəm ki, Murad kimi onlar da göz qabağında olar, təkliflər gələr”.
Sonda isə cari mövsüm Azərbaycan çempionatında meydanda ən çox olan yerli futbolçuları sizə təqdim edirik:



