Ötən ili qara zolaqda var-gəl edən “Neftçi” deyəsən, ağ günə çıxır.
“Bir ayda nə dəyişdi?” sualını “Yeni baş məşqçi nələri dəyişdi?” ilə əvəzləsək, daha doğru olar.
Düzü, mən “Neftçi”nin son dövr uğursuzluqlarını yalnız Samir Abasovun ayağına yazmağın tərəfdarı deyiləm. Futbol komanda işidir, bəzən bir detal belə məğlubiyyətdə həlledici rol oynayır. Əlqərəz, Abasov yaxşı məşqçi olsa da, bu dəfə “Neftçi” ilə alınmadı.
Komanda ardıcıl məğlubiyyətlərlə azarkeşlərini stadiondan məyus yola salırdı. Açığı, çoxları kimi mən də uğursuzluq seriyasının ən azı mövsümün sonuna qədər davam edəcəyini düşünürdüm. Lakin Verniduba cəmi bir ay bəs etdi ki, komanda ilə bağlı təsəvvürləri alt-üst etsin.
Ukraynalı mütəxəssis “Neftçi” ilə keçirdiyi ilk oyundaca öz dəst-xəttini hiss etdirdi. Start heyətində etdiyi dəyişikliklər, oyun planındakı fərqlər bunu deməyə əsas verirdi.
Bir də onun öz sözləri. Yeni məşqçi ilk mətbuat konfransındaca ondan gözləntilərin sərhədini müəyyənləşdirdi:
“Mən sehrbaz deyiləm ki, dərhal nəyisə dəyişəm. Amma nəyin üzərində işləmək lazım olduğunu bilirəm. Bu komanda 8-ci yerdə olmamalıdır. Elə oynamalıyıq ki, tarixi və ənənələri olan bu klubu ən azından 3-cü yerə qaldıra bilək”.
“Ağ-qaralar” ukraynalı mütəxəssisin rəhbərliyi altında çıxdığı ilk oyunda “Sumqayıtla” (2:2) heç-heçəyə razılaşsa da, ikinci oyunda “Karvan-Yevlax” üzərində 2:1 hesablı qələbə qazandı.
Komanda uğurlu çıxışını Abu-Dabidə keçirdiyi yoldaşlıq görüşlərində də davam etdirdi. “Kayrat” (3:0) və “Chengdu Rongcheng” (3:1) üzərində qələbə qazanan “Neftçi”, “Pyramids”lə oyunda (1:1) bir qolla kifayətləndi.
Komanda mövsümün ikinci yarısına da heç-heçə ilə başladı. Doğma meydanda qol görə bilməmək bir çox “Neftçi” azarkeşində yeni baş məşqçi ilə bağlı tərəddüdləri artırdı. Lakin növbəti oyunda “Araz-Naxçıvan” üzərində qazanılan böyükhesablı qələbə bu şübhələrin əsassız olduğunu göstərdi.
Təbii ki, vurulan 4 cavabsız top yalnız “Neftçi”nin məziyyəti deyildi. Burada “Araz-Naxçıvan”da baş verən məşqçi dəyişikliyinin və komandadakı problemlərin də payı vardı. Ona görə də matçı nəticədən çox, “Neftçi”nin nümayiş etdirdiyi performans baxımından qiymətləndirmək daha obyektiv olar.
Görünən odur ki, komandanın fiziki hazırlığı xeyli yaxşılaşıb. Vernidub ilk müsahibəsində intizam və fiziki hazırlıq üzərində xüsusilə dayanacağını demişdi. “Neftçi”nin “Araz-Naxçıvan”ın qapısına standart vəziyyətlərdən vurduğu qollar da ev tapşırığının nəticəsidir. Deməli, komanda təlim-məşq toplanışından maksimum faydalana bilib. Son oyunda fiziki hazırlıqla yanaşı, psixoloji durumun da yaxşılaşdığı hiss olunurdu. Meydanda sözün əsl mənasında komanda gördük.
Aydın məsələdir ki, bu mənzərə Vernidubun əsəridir. Açığı, yeni baş məşqçinin faydalı iş əmsalı haqqında hökm vermək də indiki durumda çətindir. Cəmi dörd oyunun nəticəsinə əsasən fikir söyləmək tezdir. Deyə bilərsiniz, Vernidub nə yatdı ki, nə yuxu görə.
Ümid edək ki, bu yuxu kabusla bitməyəcək. Uzaq ellərdən gələn Yurinin sehrli çubuğu olmasa da, bizə üçüncülük vədi var. Kim bilir, bəlkə mövsümün sonunda “Neftçi”ni avrokuboklarda gördük?


