“Maraqlı tur keçdi”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
Mütəxəssis Misli Premyer Liqasının XVIII turunda baş tutan oyunlarla bağlı fikirlərini bölüşüb:
“Araz-Naxçıvan”la qarşılaşmada “Neftçi” inamlı qələbə (4:0) qazandı. Hər iki baş məşqçinin ukraynalı olması oyuna əlavə maraq qatırdı və hansı komandanın qalib gələcəyi maraq doğururdu. Görünən o oldu ki, “Neftçi” bu oyuna daha yaxşı hazırlaşmışdı. “Araz-Naxçıvan”da isə son turlarda eniş hiss olunur. Onlar ötən turda “İmişli” ilə oyunda çətinliklə bir xal qazanmışdılar. Halbuki bu görüş evdə keçirilirdi və biz “Araz-Naxçıvan”ın ev oyunlarında daha aqressiv və istəkli çıxış etməsinə öyrəşmişik. Lakin bu dəfə “Neftçi” ilk dəqiqələrdən təşəbbüsü ələ alaraq oyunun taleyini öz xeyrinə həll etdi.
Turun maraqlı oyunlarından biri də “Qarabağ” – “Turan Tovuz” (1:0) matçı idi. Hər iki komanda turnir cədvəlində bir-birinə yaxın mövqelərdə qərarlaşıb. “Qarabağ” səfərdən qayıtmışdı və komandada müəyyən yorğunluq hiss olunurdu. Bu səbəbdən rotasiyaların olacağı gözlənilirdi. Ancaq oyunun “Qarabağ” üçün nə qədər vacib olduğu tam heyətin meydanda olmasından aydın görünürdü. “Turan Tovuz” məğlub olmasına baxmayaraq, layiqli oyun göstərdi və məncə, ən azı bir xala layiq idi. “Qarabağ” isə vacib üç xal qazandı. Bu mərhələdə xal itirməmək onlar üçün olduqca önəmlidir, çünki “Sabah”la xal fərqi artmaqdadır.
“Karvan-Yevlax” – “Sumqayıt” (0:2) oyununa gəldikdə isə, “Karvan” evdə oynayırdı. Lakin heyət baxımından ciddi çatışmazlıqlar hiss olunur. Bunu qış transfer dövründə də gördük – klub əsasən yerli futbolçularla kifayətlənməli oldu. Bu da müəyyən çətinliklər yaradır. “Sumqayıt” isə evdə aldığı son məğlubiyyətdən sonra mütləq üç xal qazanmalı idi ki, avrokubok zonasından geri qalmasın. Birinci hissədə “Sumqayıt” daha inamlı təsir bağışladı. İkinci hissədə Füzuli Məmmədov oyunun gedişatını dəyişməyə çalışdı, lakin sonda keyfiyyət öz sözünü dedi və “Sumqayıt” layiqli qələbə qazandı”.
Əsədov “Kəpəz”-“Şamaxı” (0:2) oyunun da maraqlı keçdiyini vurğulayıb:
“Şamaxı” son məğlubiyyətdən sonra xal itirməməyə məcbur idi. Elə ilk dəqiqələrdən də komandanın qələbə əzmi hiss olunurdu. Nəticədə istədikləri üç xalı qazanaraq turnir cədvəlində mövqelərini sabitləşdirdilər. “Kəpəz” isə xal itirməklə “Qəbələ”dən geri düşdü. Bu baxımdan Premyer Liqanı tərk etməmək uğrunda gərgin mübarizə hələ də davam edir.
Turun diqqətçəkən oyunlarından biri də “Zirə” – “Sabah” (1:3) qarşılaşması idi. “Zirə” ötən turda “Neftçi” ilə heç-heçə etmişdi və bu dəfə evdə oynayaraq mütləq üç xal qazanmaq istəyirdi. “Sabah” isə “Qarabağ”ın hazırkı durumundan maksimum yararlanmağa çalışır və hər oyuna qələbə məqsədi ilə çıxır. Oyundan-oyuna komandada müsbət dəyişikliklər hiss olunur. Məncə, ilk hissədə vurulan üç qol oyunun taleyini həll etdi. İkinci hissədə də bu üstünlüyü qorumağa çalışdılar. “Zirə” isə vacib xal itirərək avrokubok zonasından bir qədər də uzaqlaşdı. Düşünürəm ki, növbəti oyunlarda komanda toparlanaraq istədiyi nəticələri əldə edə bilər.
Turun ən bolqollu oyunlarından biri də “Qəbələ” – “İmişli” (3:2) matçı oldu. Qarşılaşma yüksək tempdə və dinamik keçdi. Görünür ki, “Qəbələ” qış fasiləsindən sonra oyununu xeyli yaxşılaşdırıb, xüsusilə də hücum xəttində irəliləyiş var. Əvvəllər çoxlu epizodlar yaratsalar da, qol imkanlarını dəyərləndirə bilmirdilər. Bu oyunda isə hücumçu Domi Massumo het-trik edərək keyfiyyətini ortaya qoydu. “Qəbələ” gələcək oyunlarda da ondan maksimum yararlanaraq təhlükəli zonadan uzaqlaşa bilər. “İmişli” isə məğlubiyyətə baxmayaraq, mübarizliyi və döyüşkənliyi ilə seçildi. Maksimum çalışdılar ki, xal qazansınlar, lakin bu oyunda “Qəbələ” daha güclü tərəf idi və layiqli qələbə qazandı”.
Qeyd edək ki, 43 xalı olan “Sabah” turnir cədvəlinin lideridir.



