AFFA İcraiyyə Komitəsinin (İK) koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətə görə cərimə tətbiq etmədiyi klublar bəlli olub. 

Offsideplus.az xəbər verir ki, bu barədə "Report"a AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib. Hacıyev İK-nın "Qarabağ", "Zirə" və "Səbail" klublarını qadın komandaları olmadığı üçün cərimələməkdən imtina etdiyini söyləyib. 

Onun sözlərinə görə, hər üç klub bundan əvvəlki illərdə eyni səbəbdən cərimələnib: "Lakin İK bu il güzəştə getdi və mövcud vəziyyəti nəzərə alaraq klublara dəstək göstərmək məqsədi ilə onları lisenziyalaşdırma prosedurunda nəzərdə tutulan müxtəlif maddi cərimələrdən azad etdi. Klubun nəzdində müxtəlif komandalar olur. Lisenzilaşdırma qaydalarında belə bənd var ki, hər klubun qadınlardan ibarət komandası da olmalıdır. Əks halda, həmin klub 10 min manat cərimə edilir. İK qərar qəbul etdi ki, cərimələr bu il tətbiq olunmasın". 

AFFA rəsmisinin sözlərinə görə, bu addım sırf mövcud vəziyyətlə bağlıdır: "Hansısa sənəd gecikəndə cəzalar olur və bunun üçün min manatadək cərimələr tətbiq edilir. İK-nın iclasında istənilən maddi cəzaya bu dəfə baxılmayıb".

Lisenziyalaşdırma Qrupunun rəhbəri deyib ki, qadınlardan ibarət komandanın olması ilə bağlı meyar 2025/2026 mövsümündən mütləq gerçəkləşəcək: "Hər bir klub mütləq şəkildə qadın komandasının mövcudluğunu təmin etməlidir. Artıq ondan sonra cərimə məsələsi olmayacaq. Qadın komandası yaradılmalıdır ki, klub avrokuboklar üçün lisenziyanı əldə edə bilsin".