Misli Premyer Liqasının klubları sonuncu - XVI turda yaşananlara görə cərimələnib.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
"Kəpəz" 2500 manat ziyana düşüb. Onlar meydana kənar şəxslər daxil olduğu üçün cəzalanıb.
Gəncə təmsilçisi əlavə olaraq azarkeşlərin hakimlərin ünvanına təhqiramir ifadələr səsləndirməsinə görə 7000 manat da ödəməli olacaq.
"Araz-Naxçıvan" da 2000 manat cərimələnib. Buna səbəb "Şamaxı" ilə görüşdə Təcili Tibbi Yardım avtomobilinin təyin edilmiş vaxtdan gec gəlməsi olub.
"Sumqayıt" isə "Sabah"la görüşdə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 700 manat ziyana düşüb.
Eyni cəza "Karvan-Yevlax"a da tətbiq olunub. Bölgə təmsilçisi eyni zamanda "Neftçi" ilə matçdan sonra meydana kənar şəxslər daxil olduğu üçün 5000 manat cərimə ödəməli olacaq.
"Neftçi" də cərimələrdən qurtula bilməyib. "Ağ-qaralar"ın azarkeşləri oyunun sonlarında meydana kənar əşya atıblar və "ağ-qaralar"ı 4000 manat ziyana salıblar.
"Flaqman"ın tərəfdarları rəqib komandanın avtobusuna zərər vurublar və dəymiş zərər "Neftçi" tərəfindən qarşılanacaq.



