Misli Premyer Liqasının 13-cü turunda "Qəbələ" doğma meydanda "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra təşkil olunan mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

Sxadadze komandasının çıxışından razı qaldığını bildirib:

“Futbolçularımı təbrik edirəm. Bu gün əsl xarakter nümayiş etdirdilər ki, bu bizim üçün çox önəmlidir. İki gün əvvəl klub prezidenti ilə çox səmərəli görüşümüz oldu və layiqli mübarizə aparacağımıza söz vermişdik.
Oyun bir qədər gərgin başladı. "Araz-Naxçıvan" güclü hücum potensialına malikdir, buna görə startda həyəcan hiss olunurdu və sadə top itkilərimiz çox idi. Qol vurduqdan sonra komanda sakitləşdi, oyun daha rahat alındı. Təəssüf ki, yenə standart vəziyyətdən qol buraxdıq.
İkinci hissəyə daha yaxşı başladıq, rəqibə qol imkanı vermədik. Çoxlu epizodlar yaratsaq da, onları dəyərləndirməkdə çətinlik çəkirik. Bugünkü qarşılaşma göstərdi ki, potensialımız daha böyükdür. Bu sadəcə bir qələbədir – qarşıda bizi çox oyun gözləyir. Bu nəticədən düzgün dərs çıxarıb yolumuza davam etməliyik”.

Baş məşqçi qələbənin əvvəlki çalışdırıcı Elmar Baxşıyevin komandasına qarşı olmasına da münasibət bildirib:

“Elmar Baxşıyevə böyük hörmətimiz var. O, həm yaxşı insan, həm də yaxşı məşqçidir. Sadəcə elə təsadüf etdi ki, qələbə onun komandasına qarşı gəldi”.

Sxadadze gənc futbolçu Nuğay Rəşidovun çıxışını da dəyərləndirib:

“Nuğayın inamlı oyunu bizi sevindirdi. Amma onu çox tərifləməyə tələsməməliyik – stabil çıxış etməyi öyrənməlidir. Eşqin də əzmkarlığı ilə seçildi. Nicatı xüsusi qeyd etmək istəyirəm: zədəli olmasına baxmayaraq meydana çıxdı və maksimum mübarizə apardı. Bütün futbolçularıma təşəkkür edirəm”.

Sonda məşqçi Murad Musayevin qırmızı vərəqəsinə də münasibət bildirib:

“Muradın yeganə səhvi həmin epizodda gecikməsidir. O, təkcə kapitan deyil, meydanda liderdir. Bəlkə də qırmızı vərəqə ilə bizi xal itkisindən xilas etdi”.