“Düşünürəm ki, azarkeşlər bugünki oyundan zövq aldı”.

Offsideplus.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının XII turunda baş tutan "Qarabağ"-  "Sumqayıt" matçından sonra “Sumqayıt”ın baş məşqçisi Saşa İliç mətbuat konfransında deyib.

Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:

“Bu gün bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. “Qarabağ”a da növbəti oyunlarda uğurlar arzu edirəm. Məncə, bu gün baxımlı oyun oldu. Futbolçularım ilk 10 dəqiqədə oyundan qopmuşdular. Rəqibdən çəkinirdilər. İlk qoldan sonra komanda maraqlı oyuna başladı. İkinci hissəyə də yaxşı başladıq. Ancaq qırmızı vərəqə bizi çətin vəziyyətdə qoydu. “Qarabağ” kimi komandaya qarşı bir nəfər azlıqda oynamaq çətindir. Buna baxmayaraq kifayət qədər fürsətlərimiz oldu. Nümayiş etdirdikləri əzmkarlığa görə futbolçularıma minnətdaram”.

Qeyd edək ki, qarşılaşma Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.