“Sumqayıt”ın baş məşqçisi Samir Abasov bu gün başa çatan Ankara toplanışı haqqında klubun rəsmi saytına danışıb.
Offsideplus.az həmin müsahibəni təqdim edir...
- Yeni mövsümə hazırlıqlar necə gedir?
- Hazırlıqlara iyunun 18-də Sumqayıtda start verdik. 2 həftə ərzində məşqlərimiz daha çox fiziki yüklənmələr üzərində oldu. Bunun da məqsədi o idi ki, hazırlığın ikinci mərhələsini daha çox taktiki məşqlər üzərində çalışmağı planlaşdırırdıq. Baxmayaraq ki, bizim üçün istədiyimiz şərait yaradılıb, nəsə bir əskikliyimiz yoxdur, amma ümumiyyətlə, yay toplanışı dönəmi futbolçular üçün ağır keçir. Biz də bunun öhdəsindən layiqincə gəlməyə çalışırıq. Çünki bizi qarşıda ağır Konfrans Liqası oyunları və bütöv bir mövsüm gözləyir.
- Komandada ümumi durum necədir? İstədiyiniz məşqləri keçə bilmisinizmi?
- Ümumilikdə götürsək kollektivdə ab-hava yüksək səviyyədədir. Yaxşı şəraitdə məşqlər keçdik. Hazırlıq planlarımızı demək olar ki, tətbiq edə bildik. Məlumdur ki, komandamıza 4 yeni futbolçu qoşulub. Rəhim Sadıxov daha əvvəl də bu komandada çıxış etdiyi üçün uyğunlaşma problemi yaşamadı. Əcnəbilərin komandaya uyğunlaşma prosesinin asanlaşması üçün isə həm futbolçular, həm texniki heyət canla-başla hər şeyi edirlər. Yeni transferlərimizin hər biri məşqlərdə gözəl təsir bağışlayır, lakin onların oyun üslubumuza tam öyrəşə bilmələri üçün bir neçə oyun keçirməli olacaqlarını da qeyd etməliyəm. Bundan əlavə, bəzi mövqelərə yeni oyunçu axtarışımız da davam edir. Bu prosesi hələ yekunlaşdırmamışıq. Dəfələrlə demişəm ki, hazırlıq planlarımızı sadəcə Konfrans Liqası oyunları üçün deyil, bütün mövsüm üçün qurmuşuq. Bu xüsusda çalışırıq.
- Bəs, hazırlıq oyunlarında istədiyiniz komandanı görə bildinizmi?
- Hazırlıq oyunlarını deyərdim ki 2 hissəyə bölmək olar. İlk iki oyun ağır fiziki yüklənmələrin ardından baş tutmuşdusa, son keçirdiyimiz “Adana Demirspor” qarşılaşması isə tamam başqa məcrada keçdi. Yoxlama oyunlarında qeydə alınan hesablar o qədər də önəmli deyil. Əsas məqsəd futbolçuların onlara verdiyimiz tapşırıqları meydanda düzgün icra etməsi idi ki, mənə elə gəlir ki onlar bu işin öhdəsindən gələ bildilər. Təbii ki bir sıra səhvlərimiz də oldu. Lakin mən futbolçularımı tanıyıram, onlara güvənirəm. İnşallah avrokubok və çempionat oyunlarında bu səhvləri təkrarlamayacağıq.
- Sonda azarkeşlərimizə nəsə sözünüz varmı?
- Bizim üçün azarkeş anlamı tək fanat qruplarından yox, bütün Sumqayıt sakinlərindən ibarətdir. Sumqayıtlılar çətin zamanlarda bizi heç vaxt dəstəksiz qoymadılar. Stadionu doldurdular, doğma komandalarını dəstəklədilər. Biz də bunun qarşılığında uğurlu nəticələrə imza ataraq bu gün bu yerlərə gəlib çıxmışıq. İnanıram ki, “Fehervar”la oyunda, çempionat qarşılaşmalarında yenə də stadionda yerlərini alıb, bizi qələbəyə səsləyəcəklər. Bir daha vurğulayıram ki, bu yerlərə onların dəstəyi ilə gəlib çıxmışıq və bundan sonrakı uğurlarımıza da onlarla birlikdə addımlamaq istəyirik.