Misli Premyer Liqasında 21 il sonra 500 qol səddi aşılıb.
Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Misli Premyer Liqasının XXXIII turunun dramatik keçən "Sumqayıt" – "Qarabağ" matçında (3:4) mövsümün yubiley qolu qeydə alınıb.
"Sumqayıt"ın futbolçusu Rüstəm Əhmədzadənin rəqib qapısına vurduğu top çempionatın cari mövsümündəki 500-cü qol olub.
Bu əlamətdar hadisə çempionatın 195-ci qarşılaşmasında gerçəkləşib. Maraqlıdır ki, Azərbaycan çempionatları tarixində mövsüm ərzində qol sayının 500-ə çatması sonuncu dəfə 21 il əvvəl – 2004/2005 mövsümündə (ümumi 684 qol) yaşanmışdı.
Sonrakı bütün çempionatlarda ümumi qol sayı bu həddə çatmamışdı.
Məlumat üçün bildirək ki, bir mövsümdə vurulan qol sayında mütləq rekord 1992-ci il birinciliyinə təsadüf edir. Həmin vaxt komandalar rəqib qapılarına ümumilikdə 1177 yol tapıblar.


