Turun ən dinamik qarşılaşması “Sumqayıt” - “Qəbələ” matçı oldu”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
Mütəxəssis Misli Premyer Liqasının XXI turunda keçirilən oyunlarla bağlı fikirlərini bölüşüb: “Turan Tovuz”- “Zirə” (2:0) matçı maraqlı keçdi. Komandalar həm bir-birinə yaxın pillələrdə qərarlaşmışdı, həm də avrokubok zonası uğrunda mübarizə aparırlar. Bu görüşü altı xallıq oyun kimi dəyərləndirmək olar. İki fərqli hissə izlədik. İlk hissədə "Turan Tovuz" çox yaxşı oyun nümayiş etdirərək rəqibi təzyiq altında saxladı və iki qol vurdu. İkinci hissədə isə Rəşad Sadıqovun etdiyi dəyişikliklərdən sonra "Zirə" üstünlüyü ələ aldı. Lakin "Turan Tovuz" nizam-intizamlı komandadır və onlara qarşı geridönüş etmək çətindir. Beləliklə, Tovuz təmsilçisi vacib üç xalı qazanaraq mövqeyini möhkəmləndirdi.
"Karvan Yevlax" – "Araz-Naxçıvan" (2:0) matçında isə iki fərqli məqsəd uğrunda mübarizə aparan komandalar gördük. "Karvan" Premyer Liqada qalmaq üçün xal toplamağa çalışır, "Araz-Naxçıvan" isə avrokuboklara vəsiqə qazanmaq niyyətindədir. "Karvan-Yevlax"ın ümumi oyun üslubu hiss olunur, məşqçi işi görünür. Lakin oyunçu keyfiyyətinin aşağı olması istənilən nəticəni əldə etməyə mane olur. Komanda bu oyuna da yaxşı başladı və müəyyən qol fürsətləri yaratsa da, onları dəyərləndirə bilmədi. "Araz-Naxçıvan" isə daha təcrübəli və keyfiyyətli futbolçuların hesabına qollar vuraraq qalib gəldi.
Demək olar ki, "Karvan"ın işi daha da çətinləşdi. Böyük ehtimalla komanda mövsümün sonunda Premyer Liqanı tərk edəcək.
Mütəxəssisin sözlərinə görə, "İmişli" – "Şamaxı" (1:1) qarşılaşması da maraqlı məqamlarla zəngin olub: "Bu oyunda bərabər səviyyəli komandalar üz-üzə gəlirdi. Hər iki tərəfdə mübarizəni sevən, nizam-intizamlı, məşqçilərin tapşırıqlarını yerinə yetirən futbolçular var. Matç əsasən meydanın mərkəzində keçdi. Meydançanın vəziyyətini də nəzərə alsaq, yüksək keyfiyyətli oyun gözləmək çətin idi. Sonda heç-heçə ədalətli nəticə oldu və komandalar hərəyə bir xal qazandı.
"Sabah" – "Kəpəz" (1:0) qarşılaşmasına gəldikdə isə deyə bilərik ki, "Sabah" ardıcıl qələbələrini davam etdirir. Komandanın artıq oturuşmuş oyunu var və dominant futbol sərgiləyir. Rəqiblər "Sabah"a qarşı daha kompakt oynamağa üstünlük verirlər. "Kəpəz" də oyunu əks-hücumlar üzərində qurmuşdu. İkinci hissənin sonlarına yaxın vurulan qol oyunun taleyini həll etdi. Üstünlük "Sabah"ın tərəfində idi və komanda layiqli üç xal qazandı.
"Sumqayıt" – "Qəbələ" (0:0)oyununda da maraqlı mübarizə izlədik. Bu qarşılaşma turun ən dinamik və sürətli oyunu idi. Hər iki komanda açıq futbola üstünlük verirdi. "Qəbələ" ikinci dövrəyə çox yaxşı başlayıb və bu oyunda da müəyyən üstünlüyə malik idi. Lakin qol fürsətlərini, hətta penaltini belə dəyərləndirə bilmədilər. Nəticədə komandalar hərəyə bir xal qazandı. Bu nəticə "Sumqayıt" üçün xal itkisi sayılsa da, "Qəbələ" təhlükəli zonadan bir qədər də uzaqlaşmış oldu”.
Qeyd edək ki, turun fevralın 21-nə nəzərdə tutulan altıncı matçı təxirə salınıb.



