UFC Fight Night Baku tədbirində I raundda Mateus Kamiloya uduzan Nazim Sadıxov sükutu pozub. 

Offsideplus.az xəbər verir ki, azərbaycanlı döyüşçü sosial şəbəkə səhifəsində azarkeşlərə müraciət edib və məğlubiyyəti şərh edib:

"Salam Aleykum, hər kəs! Mənə göstərdiyiniz möhtəşəm dəstəyə görə hər birinizə ürəkdən təşəkkür edirəm. Öz evimdə döyüşmək sözlə ifadə olunmayacaq bir hiss idi. Döyüşdən sonra xalqımın mənə bu qədər sahib çıxması məni həqiqətən duyğulandırdı. 

Mən inanıram ki, döyüş lazım olduğundan tez dayandırıldı. Görmədiyim çox yaxşı bir zərbə aldım və özümə gəlmək üçün mənə bir fürsət verilməli idi. Keçən il bundan qat-qat ağır zərbələr aldım, toparlandım və nəticədə hamının yadda qalan möhtəşəm bir döyüş alındı. Məncə, hamımız qanlı və yaddaqalan başqa bir döyüş izləmək fürsətindən məhrum olduq.

Amma hər şeydə bir xeyir var. Mən bu nəticə ilə barışmışam və bu, mənim üçün qətiyyən son deyil. Hər şeyə görə Əlhəmdülillah. İnşallah daha güclü qayıdacağam və sizə birlikdə qeyd edəcəyimiz qələbələr bəxş edəcəyəm. Rəqibimi və onun komandasını da təbrik edirəm", deyə Nazim qeyd edib.