"Qarabağ"ın qapıçısı Fabiyan Buntiç klubun rəsmi saytına açıqlama verib.

Offsideplus.az xəbər verir ki, bu yay transfer edilən qolkiper keçidi və Ağdam təmsilçisi barədə fikirlərini bölüşüb:

“Bu klubda olduğuma görə çox şadam. Komandanı çox bəyənirəm, burada keyfiyyət yüksəkdir. “Qarabağ” karyeram üçün mükəmməldir. Klubda çalışanlar çox gözəl iş görürlər. Ötən mövsümdəki uğurlu nəticələr bundan xəbər verir. Mən də bu komandanın bir parçası olmaq istəyirəm. Yeni komanda yoldaşlarım əladır, bir neçə dil bildiyim üçün onların çoxu ilə ünsiyyət qururam. Bu komanda ilə hər şey uğrunda mübarizə aparmaq olar. Biz hələ yeni mövsümün başlanğıcındayıq, qarşıdakı müddətdə inkişaf etməliyik. Oyunların startını səbirsizliklə gözləyirəm. Yüz faiz səy göstərməliyik. Bakı da çox gözəl şəhərdir, inkişaf edir. Müxtəlif mədəniyyətləri sevirəm. Bura mənim üçün gözəl yerdir. Çox xoşbəxtəm və inanıram ki, gələcəkdə də eyni hisslərlə davam edəcəyik”.

Buntiç Avstriyada təşkil olunan təlim-məşq toplanışı, həmçinin “Kayzerslautern” və Plzen “Viktoriya”sı ilə yoxlama oyunları barədə fikirlərini bildirib:

“Avstriyada çox yaxşı təlim-məşq toplanışı keçirik. Yeni mövsümə bütün komandamız birlikdə hazırlaşır. Bu, mənim üçün bir fürsətdir ki, yeni gəldiyim komandaya və oyun sisteminə tam bələd olum. Özümü burada yaxşı hiss edirəm. Hər gün komandaya daha da uyğunlaşıram. Toplanış çərçivəsində artıq iki oyun keçirmişik. İlk matçı isti hava şəraitində oynadıq. Bu, daha çox fiziki hazırlığın önə çıxdığı qarşılaşma idi. “Kayzerslautern”lə görüşdə iştirak etməsəm də, “Viktoriya” ilə qarşılaşmada şans qazandım. Oyun bizim üçün yaxşı keçdi, qollar vura bildik və qələbə qazandıq. Yavaş-yavaş, amma əmin addımlarla davam etsək, növbəti oyunlarda uğurlu nəticələrə ümid edə bilərik”.