"Azərbaycan milli komandasının hər oyunu vacibdir. Əlbəttə, bütün rəqiblərimizi təhlil edirik, kimliyindən asılı olmayaraq, onlara hörmətlə yanaşırıq. Macarıstan yığmasını kifayət qədər yaxşı təhlil etmişik, hücumda, müdafiədə nə etdiklərini bilirik, oyun üslubları ilə tanışıq. Sabah maraqlı, çətin oyun olacq. Futbolçularımın motivasiyası yüksəkdir, onlar istəklidirlər. Ümid edirəm ki, sabah bu istəyi meydançada göstərə biləcəklər".
Offsideplus.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş deyib.
Sabah Mərdəkanda keçiriləcək Azərbaycan - Macarıstan yoldaşlıq görüşü ilə bağlı təşkil olunan mətbuat konfransında fikirlərini bölüşən portuqaliyalı çalışdırıcı heyətdə yalnız bir futbolçunun zədəli olduğunu söyləyib: "Təkcə Latviya ilə görüşdə sıradan çıxan Elvin Bədəlov zədəlidir. Bu gün son məşqimiz var, ümid edirəm ki, heç kim zədələnməz və sabah hamı sərəncamımda olar".
F.Santuş heyətdə bəzi dəyişikliklər edəcəyini açıqlayıb: "Oyunçuların durumuna görə bəzi dəyişikliklər olacaq. Çünki 2 gün önçə gün öncə Latviya komandasına qarşı mübarizə aparmışıq. Uzun səfərimiz olub. Buna uyğun olaraq, bəzi dəyişikliklər mümkündür".
"Son vaxtlar həm Azərbaycan, həm də Macarıstan yığmaları qələbə qazana bilmir. Azarkeşlər sabahkı oyundan nə gözləyə bilərlər?" sualını təcrübəli mütəxəssis belə cavablandırıb: "Macarıstan milli komandasını yaxşı tanıyıram, yaxşı təşkilatlanmış kollektivdir. Portuqaliya yığmasını çalışdırarkən bir neçə dəfə qarşılaşmışıq. Son dövlər Macarıstan futbolu inkişaf mərhələsindədir. Rəqibin əksər futbolçuları ölkə xaricində oynayırlar. Amma mən keçmişi xatırlamaq istmirəm. Komandamı hazırki Macarıstan yığmasına qarşı hazırlamışam. Unutmayaq ki, sabah Azərbaycana da qələbə lazımdır. Buna görə də sabah hər iki komanda tərəfindən yaxşı oyun olacağını düşünürəm".
Qeyd edək ki, Azərbaycan - Macarıstan matçı saat 20-də Mərdəkanda yerləşən "Liv Bona Dea Arena"da başlanacaq.