UEFA Millətlər Liqasının IV turunda baş tutan Azərbaycan - Slovakiya oyunundan sonra mətbuat konfransında milli komandamızın baş məşqçisi Fernandu Santuş ona bir az vaxtın lazım olduğunu bildirib. 

Tanınmış menecer Emil Şükürbəyli Offsideplus.az - a açıqlamasında çalışdırıcının səsləndirdiyi fikiri şərh etdi:

"Bu ifadə 20 il öncə işlənsə idi, hardasa razılaşmaq olardı. Adı olan əcnəbi mütəxəssis gətiririksə və nəticə ala bilmiriksə, bu bir yana, oyun dəst-xəttimiz yoxdursa, dövlətin maliyyəsini niyə havaya sovururuq ki? Pro kateqoriyalı kifayət qədər məşqçimiz var. Qərarverənlər məşvərət edib, milliyə layiqli birini təyin etsinlər. Əcnəbilərə verdikləri dəstəyi yerli məşqçiyə göstərsinlər. Nə vaxta kimi “turist”lərə qucaq açacağıq? Qurban Qurbanov, Tərlan Əhmədov, Rəşad Sadıqov - bu üç yerli namizəd hazırda milliyə kömək edə biləcək məşqçilərdir. Bir daha təkrar edim, AFFA onlara əcnəbilərə verdiyi hərtərəfli dəstəyi verərsə, bu baş tutar".

Mütəxəssis yığmamızın normal futbol oynaya bilmə ehtimalından da danışdı:

"Normal futbol anlayışı mücərrəddir. Biz nəticədən danışırıqsa, müdafiə futbolu oynadan məşqçi lazımdır. Yox, baxımlı futbol istəyiriksə, heç də hər zaman müsbət nəticə almamağa hazır olmalıyıq. İkisindən birini qurban verməliyik".