“Barselona” qonşu klub “Espanyol”un qapıçısı Joan Qarsiyanın nümayəndələri ilə razılıq əldə edib.
Offsideplus.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı qolkiperlə 5 illik müqavilə nəzərdə tutulur. Müqavilədə İspaniya millisindən dəvət aldığı təqdirdə əlavə bonus maddəsi də yer alıb.
Olimpiya çempionu olan Qarsiya üçün bir sıra böyük klublar da maraq göstərib. Onunla “Arsenal”, “Nyukasl Yunayted”, “Aston Villa”, “Napoli”, “İnter” və “Bayer” kimi klubların maraqlandığı qeyd olunur. Qapıçı qərarını bu həftəsonu agentləri ilə görüşdən sonra verəcək.
“Barselona” futbolçunun transferi üçün nəzərdə tutulan 25 milyon avroluq təzminat məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, Joan Qarsiya bu mövsüm La Liqada 38 oyunda meydana çıxıb, 51 qol buraxıb və 8 dəfə qapısını toxunulmaz saxlayıb. O, mövsüm ərzində etdiyi 146 seyv ilə La Liqada bu göstərici üzrə liderdir. Onun “Espanyol”la hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, ispaniyalı qapıçının təxmini bazar dəyəri 20 milyon avrodur.