Xabi Alonsonun "Real Madrid"in baş məşqçisi təyin olunması Leverkuzen təmsilçisi "Bayer" üçün ciddi maliyyə gəliri ilə nəticələnib.

Offsideplus.az xəbər verir ki, madridlilər ispan çalışdırıcının müqaviləsini vaxtından əvvəl pozmaq üçün "Bayer" klubuna 12–15 milyon avro aralığında kompensasiya ödəyəcək. Bu rəqəm, tərəflər arasında əvvəlcə razılaşdırıldığı iddia edilən "centlmen anlaşması" ilə ziddiyyət təşkil edir. Belə ki, Alonsonun "Real"a pulsuz keçəcəyi deyilirdi.

Qeyd edək ki, bu vəziyyət "Real Madrid"in Kilyan Mbappeni transfer etdiyi zaman yaşananlarla müqayisə olunur. Həmin vaxt PSJ rəsmi transfer haqqı almasa da, Madrid klubu fransız ulduza 125 milyon avro imza bonusu ödəyib.

Xatırladaq ki, Xabi Alonso 2023/24 mövsümündə "Bayer"i məğlubiyyətsiz çempion edərək "Bavariya"nın uzun illər davam edən hegemonluğuna son qoymuşdu. O, həmçinin Almaniya Kuboku və Superkubokunu da qazanaraq klub tarixində iz qoyub.

İspaniyalı mütəxəssis bu günlərdə "Real Madrid"lə 2028-ci ilədək müqavilə imzalayıb.