İspaniya La Liqasında İsrailin Fələstin torpaqlarını işğalı və hücumlarına qarşı etirazlar davam edir.

Offsideplus.az xəbər verir ki, 15 fevralda "Osasuna"-"Real Madrid" matçında başlayan "İsrailə qırmızı vərəqə göstər" pankartlı aksiyalar, 22 fevralda "Alaves"-"Espanyol" və 24 fevralda "Sevilya"-"Malyorka" oyunlarında da təkrarlanıb.

"Alaves" azarkeşləri Mendizorroza stadionunda Fələstin bayrağı açaraq İsrailə etiraz ediblər. "Sevilya"-"Malyorka" matçında da oxşar aksiya keçirilib. Tərəfdarlar İsrail komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırılmasını tələb edirlər.

UEFA və FİFA İsrailin Fələstində törətdiyi zorakılıqlara baxmayaraq, heç bir sanksiya tətbiq etməyib. Halbuki UEFA və FIFA, 2022-ci ildə Ukraynanı işğal edən Rusiyanı dərhal beynəlxalq yarışlardan uzaqlaşdırmışdı.

Fələstin Futbol Federasiyasının İsrailin turnirlərdən xaric edilməsi üçün FIFA-ya müraciətinə isə heç bir cavab verilməyib.