Entoni Qordonun "Barselona"ya mümkün keçidi Markus Reşfordun da Kataloniya klubuna transfer olunmayacağı mənasına gəlmir.
Offsideplus.az xəbər verir ki, bu barədə BBC-nin jurnalisti Saymon Stoun məlumat yayıb.
"Nyukasl"ın vingerinin "blauqrana" üçün tibbi müayinədən keçdiyi bildirilsə də, Kataloniya təmsilçisinin Reşfordu "Mançester Yunayted"dən 30 milyon avroya birdəfəlik almaq variantı hələ də qüvvədədir.
Markusun müqaviləsindəki satınalma bəndini aktivləşdirmək üçün son tarix iyunun 15-dir. "Barsa" sövdələşmənin şərtlərini dəyişməyə çalışsa da, "Mançester Yunayted" buna razı olmur. Bu səbəbdən bəndin müddəti bitənə qədər ortaq məxrəcə gəlinməməsi ehtimalı var, lakin danışıqlar hər bir halda davam edə bilər.
Stounun vurğuladığına görə, İngiltərə millisinin dünya çempionatındakı çıxışını başa vurması ilə Reşfordun təxminən üç həftə sonra məşqlərə qayıtması arasındakı müddət həlledici olacaq.
Bu vaxt ərzində razılıq əldə olunmalıdır, əks halda "qırmızı şeytanlar"ın baş məşqçisi Maykl Kerrik rəhbərliyin komandada görmək istəmədiyi futbolçunu heyətə qaytarıb-qaytarmayacağına qərar verməli olacaq.


