Uzun müddətdir "Barselona"nın transfer hədəfləri siyahısında olan Rafael Leao ilə bağlı gözlənilməz yenilik yaşanıb.
Offsideplus.az xəbər verir ki, "Milan"ın ulduz futbolçusu Kataloniya klubuna təklif olunsa da, katalonlar bu transferdən imtina ediblər.
İtaliya mətbuatının yaydığı məlumata görə, "Milan" rəhbərliyi və baş məşqçi Massimiliano Alleqri ilə münasibətləri pisləşən Leao üçün cəmi 50 milyon avro tələb edilib. Bu, futbolçunun 170 milyon avroluq sərbəstqalma maddəsi ilə müqayisədə böyük bir endirim olsa da, "Barsa" rəhbərliyi bu addımı atmamağa qərar verib.
"Barselona" rəhbərliyi bu qərarı iki əsas amillə əsaslandırıb:
-
Hücum xəttində sıxlıq: Klub rəhbərliyi hazırkı heyətin cinah hücumçusu mövqeyi üçün kifayət qədər zəngin olduğunu düşünür. Xüsusilə, Markus Raşfordun 30 milyon avroya birdəfəlik transfer edilməsi ehtimalı (icarədən sonra) və gənc istedadların yüksəlişi Leaoya ehtiyacı azaldıb.
-
Qiymət-keyfiyyət nisbəti: Katalonlar portuqaliyalı vingerin qeyri-sabit çıxışını və yüksək maaş tələbini nəzərə alaraq, onun hazırda "sərfəli seçim" olmadığını hesab edirlər.
Bu mövsüm 25 matçda 10 qol və 2 assistlə yadda qalan 26 yaşlı Leao, görünən odur ki, İspaniya nəhənginə keçmək arzusuna çata bilməyəcək.
Hazırda futbolçunun adı Premyer Liqa klubları ilə hallanır. "Barselona" isə diqqətini daha çox Markus Raşfordun transferini rəsmiləşdirməyə və heyətdəki gənc oyunçuların inkişafına yönəldib.


