Almaniyalı mütəxəssis Yürqen Klopp onu “Real Madrid”lə bağlayan şayiələrə münasibət bildirib və yaxın vaxtlarda məşqçilik fəaliyyətinə qayıtmaq istəmədiyini qəti şəkildə bəyan edib.
Offsideplus.az xəbər verir ki, hazırda “Red Bull” beynəlxalq şirkətinin futbol üzrə direktoru vəzifəsində çalışan Klopp Xabi Alonsonun mümkün əvəzləyicisi kimi adının hallanmasına sakit reaksiya verib və şəxsi-professional baxımdan rahat dövr keçirdiyini vurğulayıb:
“Bir insan kimi tam rahat olduğum, olmaq istədiyim yerdəyəm. Heç bir başqa yerdə olmaq istəmirəm”, – deyə o bildirib.
O, Xabi Alonsonun “Real Madrid”dən ayrılmasının onda qarışıq hisslər yaratdığını etiraf edib:
“Xəbəri eşidəndə qarışıq hisslər yaşadım. Bəli, təəccübləndim. Eyni zamanda, yox, təəccüblənmədim”.
Qeyd edək ki, Alonso “Barselona”ya İspaniya Superkubokunun finalında məğlubiyyətdən cəmi bir gün sonra, spekulyasiyalarla dolu həftələrdən sonra vəzifəsini tərk edib. O, “kral klubu”nda səkkiz aydan da az müddət çalışıb. Onun yerinə klubun yetirməsi Alvaro Arbeloa təyin olunub.
Klopp media şayiələrinin şişirdilməsini də tənqid edib:
“Səhər yuxudan ‘Real Madrid’in mənə maraq göstərməsi xəbəri ilə həyəcanlanmıram; bunlar medianın işidir”, – deyə o, iddialara əhəmiyyət vermədiyini bildirib və gündəlik məşqçi təzyiqindən kənarda qalmağın şüurlu seçim olduğunu qeyd edib.
Alman mütəxəssis “Real Madrid” kimi daimi tələbləri olan klubun idarə edilməsinin çətinliyinə də toxunub və planlamanın vacibliyini vurğulayıb:
“Məşqçini işdən çıxaracaqsınızsa, onun yerinə kimi gətirəcəyinizlə bağlı aydın planınız olmalıdır”. Klopp 1998-ci ildə Çempionlar Liqasını qazandıqdan cəmi səkkiz gün sonra istefaya göndərilən Yupp Haynkes nümunəsini xatırladaraq əlavə edib:
“‘Real Madrid’də bu, demək olar ki, həmişə belə olur – xüsusən də turnir cədvəlinin zirvəsində deyillərsə”.
Sonda Klopp hazırda məşqçi həyatını darıxmadığını desə də, gələcək üçün qapını tam bağlamayıb:
“İndiki məqamda deyərdim ki, yox. Amma heç vaxt ‘heç vaxt’ demək olmaz. Fikrimi dəyişməyi gözləmirəm, lakin həyatda hər şey mümkündür”.


