Litvada azərbaycanlı oxucular üçün o qədər maraqlı olmayan, lakin ölkə voleybolu üçün vacib turnir keçirildi.
20 yaşadək qızlar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında yığmamız da iştirak etdi. Azərbaycanda voleybol deyiləndə hamı yaxın keçmişə qayıdır. Faiq Qarayevli həm milli komanda, həm də "Azərreyl" yada düşür. Deyəsən, 20 yaşlı qızlarımız onların naliyyətlərində bixəbərdirlər. Ya da müasir dövrdə azərbaycanlı xanımlar voleybol oynaya bilmirlər. Çünki Litvada 4 gün ərzində keçirilən turnirdə yığmamız qələbəyə həsrət qaldı. O cəhənnəm, 1 set belə qazana bilmədi. Biabırçı nəticələrə baxın:
Estoniya - Azərbaycan 3:0 (25:10, 25:15, 25:22)
Azərbaycan - Latviya 0:3 (11:25, 9:25, 20:25)
Ukrayna - Azərbaycan 3:0 (25:12, 25:6, 25:10)
Azərbaycan - Litva (8:25, 11:25, 7:25)
Azərbaycan - Polşa (9:25, 11:25, 9:25)
Bunun tək adı var: fiasko! Şahin Çatmanın komandası 375 mümkün xaldan 170-ni qazanıb. "Gözəl" nəticədir. Buna voleybol oynamaq deyiriksə, millimizi məğlub edən komandalarınkı nədir? Bu, nəticə Azərbaycan qadın voleybolu üçün utancverici hadisədir. Şahin bəyin uğursuz komandası tariximizə qara ləkə, çatın düşməsinə səbəb oldu.
Gələk əsas məsələyə. Turnirin təşkilat komitəsi millimizin heyətində ən yaxşı oyun sərgiləyən Vlada Kavtunovanı mükafatlandırıb. Bu xəbəri oxuyanda məni gic gülmək tutdu. Yadıma bir əhvalat düşdü. Müğənnilərimizdən birinə xalq artisti adı verilir. Qaça-qaça kamança ustadı Habil Əliyevin yanına gələrək bu xəbəri muştuluqlayır. Olduqca məzəli adam olan rəhmətlik cavabı yerindəcə verir: "Onlar verirdilər, verirdilər. Sən niyə götürürdün?"
İndi turnirdə oyun sərgiləməyən komandanın heyətində ən yaxşı voleybolçunun seçilməsinə nə gərək var? Xanımlar 5 rəqibdən 1 set ala bilməyiblər. Şahin "hoca" bu nəticələrdən sonra Vladaya "başına dönüm! Abrımızı itirməyək. Gəl, o mükafatı götürməyək. Təşkilatçılar verirlər, versinlər. Biz niyə götürək?" deməlidi idi. Lakin bacarıqsız məşqçi olması ilə yanaşı belə məqamları düşünə də bilmirmiş. Mən bu hadisədən baş aça bilmədim. Nə deyim, vallah!