"Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edirəm. Çox istərdik ki, bu gün sizə qələbə ərmağan edək. Çox yaxşı müdafiə olunan bir komandaya qarşı oynadıq. Havanın çox isti olmasını da qeyd etmək istərdim. Son 10 dəqiqə ərzində temp bir qədər aşağı düşdü. Bu son deyil, cavab oyunumuz var. Baxmayaraq ki, problemlərimiz var, çalışacağıq ki, cavab matçında mərhələni keçək".
Offsideplus.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində İsrailin “Aşdod” komandasına qarşı keçirdikləri oyundan (0:0) sonra təşkil olunan mətbuat konfransında deyib.
- Bədavi Hüseynov zədəlidir, Maksim Medvedev də qırmızı vərəqə aldı. Onun yerinə mərkəz müdafiəçisi kimi oynadacaqsınız?
- Hələ vaxtımız var. Bəzi matçlarda Qara Qarayevi həmin mövqedə oynatmışıq. Düşünəcəyik. Hər halda, ən düzgün seçimi etməyə çalışacağıq. Əfsus ki, müdafiəçilərimiz tez-tez sıradan çıxırlar.
- Düşünürsünüzmü ki, bu tip komandalarla oyunda əsas məsələ rəqibə inam verməməkdir. Sizcə, "Qarabağ" bu gün "Aşdod"a cavab oyunu üçün inam verdi?
- Dünya futboluna nəzər yetirsək, demək olar ki, komandalar bərabərsəviyyəli olmağa başlayıb. Bizdə ümumən neçə illərdir komanda qurulub, öz oyun üslubu, heyəti var. Bəzən dəyişikliklər etmək məcburiyyətində olursan. Bu gün bizdə bu dəyişikliklər gedir. Biz əvvəllər bir mövqe üçün futbolçu axtarırdıqsa, bu gün hər mövqeyə oyunçu axtarırırq. Rəqib Bakıdan bərabərliklə qayıtdı. Düşünürəm ki, biz öz oyunumuzu yaxşılaşdıra bilərdik. Əlbəttə ki, bu hesab cavab oyununda "Aşdod"a inam verəcək. Çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edək.
- "Neftçi" kimi "Qarabağ"da da heyət kasadlığı var. Xarici futbolçular da Azərbaycana gəlmək istəmir. Sizcə, əsas məsələ maliyyədir?
- Bu günə kimi olmayan təkliflər etmişik. Ümumiyyətlə, böyük klubların ayrıca transfer büdcəsi olur. Nə vaxtsa biz də bütün klublarımız daxil olmaqla o səviyyəyə gəlib çıxmalıyıq. Deyərdim ki, istədiyimiz futbolçuların 90 faizi Azərbaycana gəlmək istəmir. Belə hallar olub. "Neftçi"də də yəqin eyni proseslər baş verir. 7-8 il əvvəl futbolçuların gəlib-getməsi çox rahat idi. Əlimizdə olan futbolçuları qoruyub saxlamaq və oyunumuzu yaxşılaşdırmaq bizim üçün çox vacibdir. İkinci yarıda meydana buraxacağımız oyunçular az idi. Öz formalarında deyildilər. Sanki hər şey bizim üzərimizə gəlib. Bu gün çatışmazlıqlarımız var. Daha çox çalışmalıyıq.
- "Aşdod"un baş məşqçisi meydançadan gileyləndi. Bəs siz meydançanın bugünkü vəziyətindən razısınızmı?
- Əfsuslar olsun ki, meydança problemi vardı. Futbolçular topu istədikləri kimi ram edə bilmirdilər. Məncə, normal fikir səsləndirib.
- 7 il ardıcıl Çempionlar Liqasında çıxış etdiniz. Bu gün Konfrans Liqasında oynamağın sizə hər hansı psixoloji təsiri varmı?
- Mütləq şəkildə təsiri var. Ancaq biz Çempionlar Liqasından əvvəl bu turnirə qatılmaq üçün xeyli çalışmışıq. Bu idmandır, nə olduğunu düzgün başa düşürük. Bu turnirdəki məsuliyyətimizdən qaçmırıq. Futbolda bəzən düşünmədiyin nəticələr olur. Psixoloji təsir futbolçularımızda demək olar ki, keçib. Avrokuboklar üçün darıxmışdılar. Hər birimiz məsuliyyəti dərk edirik.
- Cavab matçında qələbə üçün oynamaq lazımdır. Riskə gedəcəksiz?
- Belə getsə, deyəsən, 2 müdafiəçi ilə oynayacağıq, bütün futbolçuları hücuma buraxacağıq (gülür). Biz hər zaman ehtiyatımızı qorumalıyıq. Rəqib çox yaxşı əks hücumlar edir. Mən heç vaxt müdafiədən oynamaq düşüncəsi yaratmamışam. Çalışırıq ki, topa sahib olmaqla hücuma çıxaq. Elə ola bilər ki, hücumda müdafiəçi yaxından iştirak etsin. Bu gün Abbas müdafiədə olsa da, hücumda qol vurmağa çox yaxın oldu. Bizim oyun üslubumuz var. Lazım olanda meydandakı hər kəs hücumçudur. Biz həmişə ehtiyatımızı saxlamalıyıq. Qələbə istəyiriksə, rəqibin həmlələrinin qarşısını almalıyıq. Rəqib bu gün istəkli görünürdü. İsrail çempionatının da səviyyəsi artır. Qarşıda 5-6 gün var. Ramil, Zubir, Filip daha yaxşı formada olacaq. Belə olsa, bizim hücumlarımız daha effektli olacaq. Bununla yanaşı, müdafiəni də unutmamalıyıq.
- Ramil Şeydayevin çıxışı sizi qane etdimi?
- Bu gün Ramildən tam razı qala bilmərəm. O, tam hazır deyildi. Toplanışa gec qoşuldu. Hələ öz potensialını ortaya qoya bilməz. Ramilin ən böyük üstünlüyü işgüzarlığıdır. Buna görə fiziki durumu daha yaxşı olmalıdır. Ramilin daha yaxşı olması üçün hər şeyi edəcəm.
- Mussa Əl Tamari “Qarabağ”a gələcəkmi?
- Xeyr, gəlməyəcək.
- Bu mövsüm üçün məşqlərdə penalti zərbələrinə xüsusi yer ayıracaqsınızmı?
- Məşqlərdə hər zaman futbolçuları penaltilərə hazırlaşdırıram. Bunu düşünərək etmirəm. İlboyu baxırıq ki, kimin penalti qabiliyyəti necədir. Əfsuslar olsun ki, bizdə yaxşı penalti vuranlar çox deyil.