Azərbaycan milli komandasının sabiq futbolçusu, "Hypers Guba" klubunun üzvü Ruslan Qurbanovun 4 oyunluq cəzası yarıbayarı azaldılıb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər veiri ki, bununla bağlı Apellyasiya Arbitraj Tribunalı qərar çıxarıb.

33 yaşlı hücumçu II Liqanın XIV turu çərçivəsində "Şəmkir"lə matçın 39-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Buna görə AFFA İntizam Komitəsi futbolçunu 4 oyunluq diskvalifikasiya etmiş, onun klubunu isə 300 manat cərimələmişdi.

Cəzanın tamamilə ləğv edilməsini istəyən “Hypers Guba”nın apellyasiya şikayəti qismən təmin olunub. Ruslanın cəzası 2 matça endirilib və şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti təyin edilib.

Cərimə ilə bağlı qərar isə qüvvədə qalıb.

Həm "Hypers Guba", həm də İntizam Komitəsinin nümayəndələrinə Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü izah olunub.

Qeyd edək ki, R.Qurbanov 2015-18-ci illərdə milli komandmızda 26 qarşılaşmada 1 qol vurub.