Dünən II Liqanın 2-ci turuna start verilib.
Oyunlar zamanı maraqlı hadisə diqqətimizi çəkdi. İmişli təmsilçisi "Kür-Araz" "Şahdağ Qusar"ı Saatlıda qəbul edirdi. "Saatlı-Araz" isə "Göygöl"lə ev oyununu Şirvanda keçirirdi. Maraqlı situasiya idi. Görəsən, nə üçün digər bölgənin komandası ev oyunlarını Saatlıda, rayonun öz klubu isə Şirvanda keçirir?
Sualı "Saatlı-Araz"ın prezidenti Ədalət Abdullayevə ünvanladıq. Klub rəsmisi məsələyə belə aydınlıq gətirdi:
"İmişli stadionunun ot örtüyünün dəyişdirildiyi üçün müvəqqəti olaraq "Kür-Araz" Saatlıda, "İmişli" isə Tovuzda ev oyunlarını keçirir. Bu hal ötən iki mövsümdə də baş verib. "Saatlı-Araz"a gəldikdə isə burada məsələ bir az fərqlidir. Ötən il bizimlə yola birgə çıxanlar klub II Liqaya yuvarlanandan sonra qarşımıza keçib. İndi onlar bizdən borc tələb edirlər. Belə olan halda biz də Şirvana üz tutmalı olduq. Buradakı OİK-ə yeni direktor təyin olunan Radin Tağıyev bizi isti qarşıladı və maksimum şərait yaratmağa çalışacağını bildirdi. Müqavilə bağlandı və artıq ilk oyunumuzu dünən orada keçirdik".
Murad Abdullazadə