"Komandada ötən mövsümdən maddi problemlər var idi. Klubun müəyyən qədər borcu yaranmışdı. Bəzi futbolçulara ödənməyən bir ayın maaşı var idi. Liqadan çəkilmək vəziyyətinə gəlmişdik. Lakin, hazırda yeni sponsor var. Şirkət komandanın maliyyə məsələlərini üzərinə götürüb".
Bu sözləri Offsideplus.az-a açıqlamasında II Liqa iştirakçısı "Füzuli"nin icraçı direktoru Vasif İsmayılov dedi.
Bölgə təmsilçisinin rəsmisi maliyyə durumlarının düzəldiyini, komandada ad dəyişikliyinin gözlənildiyini açıqladı:
"Klubun adını "Uğur" (Füzuli) olaraq dəyişməyi düşünürük. Mövsümə yeni ad, loqo, forma ilə başlamaq istəyirik. Bir sözlə liqaya yeni nəfəslə start vermək istəyirik".