9 qat dünya çempionu, Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayevin Türkiyədə bıçaqlanma hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

Offsideplus.az xəbər verir ki, Türkiyə mətbuatı hadisəni törətməkdə şübhəli bilinən şəxslərin 2 deyil, 4 nəfər olması barədə məlumat yayıb. 

İddia olunur ki, həmin 4 şəxs dünya çempionunu öldürmək məqsədilə birgə Türkiyəyə gəlib. Azərbaycan vətəndaşı olan qrup üzvləri Antalyada planı birlikdə həyata keçiriblər.

Hadisə dünən yerli vaxtla saat 15 radələrində baş verib. A.Musayev Antalyada təşkil olunan muay tay üzrə dünya çempionatının keçirildiyi məkanın yaxınlığında xəsarət alıb. Ona hücum edənlərdən biri federasiya prezidentinin başına zərbə endirib. Digər şəxs isə A.Musayevin qarın nahiyəsinə 2 bıçaq zərbəsi vurub.

Hadisədən sonra 2 nəfər Antalya Hava Limanında polislər tərəfindən saxlanılıb. Üçüncü şəxs Rusiyaya qaçmağa müvəffəq olub. Daha bir nəfər isə Türkiyə ərazisində axtarışdadır.

Türkiyə hüquq-mühafizə orqanları şübhəli şəxslərlə bağlı araşdırma aparır, onların ölkəyə gəliş-gediş tarixləri, baş çəkdikləri məkanlar dəqiqləşdirilir.

Qeyd edək ki, A.Musayev bıçaqlandıqdan sonra Antalya şəhər xəstəxanasında cərrahiyyə əməliyyatı olunub.

Bu arada Araz Musayev hadisədən sonra ilk dəfə danışıb. O, "unikal"a açıqlamasında bunları deyib: "Antalya şəhərində dünya çempionatı keçirilir. Azər Həsənsoy və Elşən Abdulrəhimov ezam olunmuşdular ki, burada federasiyanı məndən alsınlar. Gəldilər, burada da mümkün olmadı. Əksinə, Kikboksinq Federasiyası dünya tərəfindən mənim nəzarətimə verildi. Ondan sonra istədilər dava salsınlar, gördülər alınmır. Ondan sonra killer göndərib məni vurdular. Beşbarmaqla bir zərbə üzümdən, başımdan və bədənimdən iki yerdən bıçaqla vurublar. Ötən gün axşam əməliyyat olunmuşam. Vəziyyətim orta-ağırdır. Bu federasiyaya dəstək verən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovdur. Türkiyə polisi Azər Həsənsoyla Elşən Abdulrəhimovu saxlayıb. Hadisəni törədənlər Rusiyadan göndərilən adamlardır. Mən də buna hazırlıqlı idim".