Üçqat Olimpiya çempionu, Moskva Vilayəti Fiqurlu Konkisürmə Federasiyasının rəhbəri İrina Rodnina 13 yaşlı Aleksandr Plyuşenkonun Azərbaycan millisinə keçməsinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, o, bu barədə bunları söyləyib:

"Saşa Plyuşenko ilə bağlı federasiyamıza onun başqa milliyə keçməsi və idmançı kimi aldığı müavinətlərin dayandırılması barədə ərizə daxil olmuşdu. Keçidlə bağlı konkret qərarı məhz Rusiya Fiqurlu Konkisürmə Federasiyası (FFKKR) qəbul etdi, hərçənd biz də öz rəyimizi bildirmişdik. Bu, kollegial bir qərar idi və onunla federasiyamızın saytında tanış olmaq mümkündür.

Rusiya istedadlı fiqurlu konkisürəni itirir? Belə məqamlarda insanların niyə həmişə "itki" sözünü işlətdiyini anlamıram. Biz istər ölkə səviyyəsində, istərsə də idmanda insanların miqrasiyasını heç vaxt dayandırmamışıq. Bu vəziyyətdə qərarı onun valideynləri qəbul edib və məsuliyyəti də məhz onlar daşıyırlar.

Niyə hamı məhz Saşa Plyuşenkoya fokuslanıb? Bizdə Tutberidzenin qızı (Diana Devis) kimlərin adından çıxış etməyib ki? Onun bu keçidlərinin azarkeşlərimizi və ya jurnalistlərimizi qəzəbləndirdiyinə dair bir məlumata rast gəlməmişəm. İnsan başqa ölkənin adından yarışır, üstəlik üç vətəndaşlığı var", – deyə Rodnina bildirib.