Avropa Liqasında mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesinin növbəti mərhələsini Belarusda keçirəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Voleybol Federasiyası yayıb.

Yığma komanda bu gün Minsk şəhərinə yola düşüb. Altı gün davam edəcək bu təlim-məşq toplanışı çərçivəsində voleybolçularımız yoxlama görüşlərində də qüvvəsini sınayacaqlar. Baş məşqçi Boris Qrebennikov təlim-məşqlərə ümumilikdə 17 oyunçu cəlb edib.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasının ilk turundakı oyunlarını iyunun 5-7-də İsveçdə keçirəcək. Turnirin ikinci turunun qarşılaşmaları iyunun 12-14-də Rumıniyada, üçüncü turun həlledici matçları isə iyunun 19-21-də Bakıda baş tutacaq.