Novak Cokoviç bu il "Rolan Qarros"a gələrək 24 qat "Böyük Dəbilqə" çempionunun belə üstələyə bilmədiyi yeganə rəqibi ilə – zamanla üz-üzədir.
Offsideplus.az xəbər verir ki, bu həftə 39 yaşı tamam olacaq serbiyalı tennisçi gənc və fiziki cəhətdən partlayıcı rəqiblərin çoxaldığı bu idmanda artıq əvvəlki kimi yenilməz görünmür. İndi əsas sual onun növbəti Fransa Açıq çempionatını qazanıb-qazanmayacağı yox, illərin gətirdiyi yaşlanma fəsadlarına qarşı oyununu və psixologiyasını necə uyğunlaşdıracağıdır.
Artıq turnir seçimində daha təmkinli davranan Cokoviç, Parisə gəlməzdən əvvəl torpaq kortlarda daha çox vaxt keçirmək istədiyini etiraf edib. O, 2026-cı ildə cəmi üç turnirdə iştirak edib və bu ay İtaliya Açıq çempionatında torpaqdakı yeganə oyununda xorvatiyalı Dino Prizmiçə uduzub.
Cokoviç çiyin zədəsi səbəbindən Mayami, Monte-Karlo və Madrid turnirlərindən geri çəkilib, Romadakı qısamüddətli çıxışı zamanı isə onun çiynindəki sarğı diqqətdən qaçmayıb.
"Rolan Qarros"da 3 nömrəli tennisçi kimi mübarizə aparacaq Novak Cokoviç turnirə hazırlıq mərhələsinin ideal olmadığını etiraf edib:
"Açığı, son bir neçə ildə bura tam zədəsiz və ya sağlamlıq problemi olmadan gəldiyimi xatırlamıram. Həmişə nəsə bir problem çıxır. Bu, mənim mübarizə aparmalı olduğum yeni bir reallıqdır. Bu vəziyyət adamı məyus edir, amma belə şəraitdə də oynamağa davam etmək mənim öz qərarımdır".


