İkiqat "Uimbldon" çempionu Karlos Alkaras bilək zədəsi səbəbindən builki turnirdə iştirak etməyəcəyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, ispaniyalı tennisçi həm "Kvinz", həm də "Uimbldon" turnirlərindən geri çəkildiyini bəyan edib:
"Bərpa prosesim yaxşı gedir və özümü daha yaxşı hiss edirəm, amma təəssüf ki, hələ də oynamağa hazır deyiləm. Bu iki xüsusi turnir üçün çox darıxacağam. Tezliklə qayıtmaq üçün çalışmağa davam edəcəyik".
Barselona turnirində zədələnən 23 yaşlı Alkaras, bundan əvvəl Madrid, Roma və son olaraq çempionu olduğu "Rolan Qarros" turnirlərini də buraxmalı olub.
Yanvar ayında "Avstraliya Açıq" turnirində qalib gələrək karyera "Böyük dəbilqə"sini tamamlayan ən gənc tennisçi olan Alkaras, bu mövsüm keçirdiyi oyunlarda 22 qələbə qazanıb və 3 dəfə məğlub olub.


