Kişi tennisinin bir nömrəsi Yannik Sinner İtaliya Açıq çempionatının finalında Kasper Ruudu 6:4, 6:4 hesabı ilə məğlub edərək çempion olub.
Offsideplus.az xəbər verir ki, bu, italyan tennisçinin ardıcıl 6-cı "Masters 1000" turniri qələbəsidir.
Bu zəfərlə Sinner ATP-nin bütün yüksək reytinqli turnirlərini qazanaraq "Qızıl Masters" (Golden Masters) seriyasını tamamlayıb. O, həmçinin 50 ildən sonra "Foro Italico"da çempionluq sevinci yaşayan ilk italyan tennisçi kimi tarixə düşüb.
Tarixdə buna qədər bütün 9 "Masters 1000" turnirini yalnız Novak Cokoviç qazana bilmişdi.
Gələn həftə başlayacaq "Rolan Qarros" öncəsi qələbə seriyasını 29 oyuna çatdıran Sinner matçdan sonra hisslərini bölüşüb:
"Hər iki tərəfdə böyük gərginlik var idi, ideal tennis nümayiş etdirə bilmədik. Amma çox xoşbəxtəm, son iki ay yarım mənim üçün inanılmaz keçdi".


