Madriddə tarix yazan Yannik Sinner, Romada qələbə qazanaraq "Qızıl Masters"i (Golden Masters) tamamlamaq barədə düşünməyə vaxt itirməyib.
Offsideplus.az xəbər verir ki, o, buna nail olsa, bütün doqquz "Masters 1000" titulunun hamısını qazanan tarixdə ikinci kişi tennisçi olacaq.
24 yaşlı italyan bazar günü Aleksandr Zverevi 57 dəqiqə ərzində 6-1, 6-2 hesabı ilə darmadağın edərək ardıcıl beşinci "Masters 1000" tacını qazanan ilk kişi tennisçi kimi tarixə düşüb. O, Madrid zəfərini Paris, İndian-Uells, Mayami və Monte-Karloda əldə etdiyi uğurların sırasına əlavə edib.
Kolleksiyasında yalnız Roma titulu çatışmayan Sinner, ötən ilki nəticəsini yaxşılaşdırmağa çalışacaq. Xatırladaq ki, keçən il üç aylıq dopinq cəzasından sonra qayıtdığı ilk turnirin finalında Karlos Alkarasa məğlub olmuşdu.
Əgər Sinner qalib gəlsə, Novak Cokoviçin izi ilə gedərək doqquz "Masters" titulunun hamısına sahib olan iki kişi tennisçidən biri olacaq.


