Bu gün I Liqada çempionluğunu rəsmiləşdirən "Qəbələ" klubunun veteran futbolçusu Asif Məmmədovun Offsideplus.az saytına müsahibəsi
- Öncə çempionluqla bağlı təəssüratlarınızı öyrənmək istərdik.
- Mövsüm bizim istədiyimiz kimi keçdi. Fikrimizdə nə var idisə, onu da həyata keçirdik. Çempionluq qarşımıza qoyduğumuz ən böyük məqsəd idi. Bunun da öhdəsindən gəldik. İndi Premyer Liqa haqqında rahat düşünmək olar.
- Bu mövsüm hansı çətinliklərlə üzləşdiniz?
- Şərait baxımından biabırçılıqdır. Bizdən başqa qalan 9 klubun şəraiti bərbaddır...
- Şərait deyəndə konkret nəyi nəzərdə tutursunuz? Ot örtüyü, paltardəyişmə otağı, yoxsa infrastrukturla bağlı digər məqamlar?
- Belə deyim: Binə qəsəbəsindəki stadionu son vaxtlar bir az düzəldiblər, futbol oynamaq üçün nəsə var. Ancaq qıraq-bucağna baxırsan, şəraitsizlikdir. Paltardəyişmə otağı balacadır. Götürək İmişli, Mingəçevir, Yevlaxdakı stadionları. Acınacaqlıdır. Zaqatalanı da bu siyahıya əlavə edərdim. Zaqalatada ot örtüyü sintetikdir. 10 dəqiqədən sonra görürsən ki, ayağının altı qapqaradır, rezindir.
- Bəs sizin özünüz üçün şəxsi hansı çətinliklər var idi?
- Düzü, yaşıma göörə az oynayırdım. Baxdıq ki, hər şey yaxşı gedir. Belə olan halda, cavanların oynaması daha münasibdir. Çünki sabah-birisi gün karyeramı bitirmək haqqında düşünürəm. Bizə cavanlar lazım olacaq. Onlar təcrübələrin artırmalıdırlar ki, bizə daha çox köməklikləri dəysin.
- Bilirik ki, məşqçiliyə başlamaq istəyirsiniz. Gələcəklə bağlı planlarınız nədir?
- Tədricən məşqçiliyə başlamaq niyyətindəyəm. B kateqoriyalı məşqçilik lisenziyam var.
- Bəs "Qəbələ"də futbolçu kimi qalacaqsınızmı?
- Bunu dəqiq bilmirəm. Əgər məsləhət olarsa, rəhbərliyin qərarı ilə burda qalaram. Hələlik gözləyirəm.
- Futbolçu karyeranızı bitirmək fikrinə düşdüyünüz vaxtlar oldumu?
- Ötən il ağır zədə aldım. Ayağımın axil vətəri qırılmışdı. Bu çox ağır zədədir. 37 yaşında belə ağır zədə alıb sonra yenidən yaşıl meydançalara qayıtdım. Zədələnməsəydim, 40 yaşına qədər oynamağı istəyirdim. Amma təəssüf ki, zədə və yaş öz sözünü deyir.