I Liqa sentyabrın 11-də start götürəcək.
Offsideplus.az xəbər verir ki, ilk turun əsas görüşlərindən biri "İmişli" və "Sportinq Baku" arasında keçiriləcək.
Bildiyiniz kimi, Heydər Əliyev adına İmişli şəhər stadionunda hazırda təmir gedir. Arenada işlər oktyabrda başa çatacaq. Yəni, klub bir müddət ev oyunlarını doğma rayonda keçirə bilməyəcək. Bəs, "İmişli" harada oynayacaq?
Məsələ ilə bağlı redaksiyamıza informasiya daxil olub. Klub ev oyunlarını keçirmək üçün 3 arenanı nəzərdən keçirir. Bunlar Tovuz, Şamaxı şəhər stadionları, Saatlı Olimpiya kompleksidir.
"İmişli"nin əsas istəyi Tovuz şəhər stadionudur. Klub matçların axşam saatlarında keçirmək niyyətindədir. Bu səbəbdən də imişlilər oyunların Tovuzda keçirilməsi arzusundadır. Lakin məsafənin uzunluğu klub rəhbərliyini bir qədər narahat edir.
Şamaxı variantını qənaətbəxş hesab etmək olar. Lakin burada işıqlandırma sisteminin olmaması oyunların ən gec 16:00 və ya 17:00-da başlamasına səbəb olur. Həm klub rəhbərliyi, həm də məşqçilər korpusu istidə matçların keçirilməsini istəmir.
Xatırlayırsınızsa, 2022/23 "İmişli" bir müddət Saatlıda çıxış etdi. Lakin klub indi bu barədə fikirləşmir. Çünki Olimpiya kompleksinin ot örtüyü yaxşı durumda deyil. Bu məqam klub rəhbərliyini narahat edir.
Qeyd edək ki, "İmişli" yekun qərarını bu gün PFL-ə bildirəcək.