"Birinci oyuna evdə çıxırıq və çempionata doğma meydanda qələbə ilə başlamaq istəyirik. Rəqibin yaxşı oyunçularının olduğunu öyrənmişəm. Bizi güclü mübarizə gözləyir". 

Bu sözləri Offsideplus.az-a açıqlamasında MOİK-in baş məşqçisi Qəzənfər Abbasov I Liqanın ilk turu çərçivəsində "Mingəçevir"ə qarşı keçiriləcək oyun haqqında danışarkən bildirdi. 

Ordu klubunun çalışdırıcısı komandada bəzi problemlərin olduğunu qeyd etdi:

"Kollektivim çempionata 70% hazırdır. Demək olar ki, heyətin yarıdan çoxu yeni futbolçulardan ibarətdir. Onların uyğunlaşma prosesi, istədiyimiz oyunu başa salmaq kimi məsələlər qarşımızda durur. Bir neçə yoldaşlıq görüşü keçirəcəyik ki, bu qarşılaşmalar nəticəsində nəzərdə tutulan problemləri aradan qaldırıb çempionata tam hazır olacağıq. Məqsədimiz çempion olaraq Premyer Liqaya yüksəlməkdir".