İspaniyalı futbolçu Saul Niqes "Flamenqo" ilə "Real Madrid" arasında maraqlı müqayisə aparıb.
Offsideplus.az xəbər verir ki, “Flamenqo Braziliyanın Real Madrididirmi?” sualına cavab verən Saul Niqes bildirib ki, Braziliya nəhəngi azarkeş baxımından Madrid klubunu da üstələyir:
“Bu klub Madriddən də böyükdür. Əslində, "Real Madrid"in klassik fanat bazası yoxdur. Klub qazandığı titullara və dünya üzrə tanınmasına görə məşhurdur, buna görə də izləyiciləri var. Amma stadiona gedəndə xüsusi bir atmosfer hiss etmirsən.
Digər tərəfdən, Marakana stadionuna gedəndə tamam fərqli mənzərə görürsən. Bu, ikonik stadiondur və demək olar ki, həmişə dolu olur. Səfər oyunlarında belə stadionlar "Flamenqo" azarkeşləri ilə dolur.
Bu yaxınlarda Sport Resifi ilə oynayanda oyunu başqa stadiona keçirməli oldular, çünki bizim azarkeşlər ora sığmırdı. Üstəlik, bu, üç saat yarımlıq uçuş məsafəsidir. Limaya gedirsən, stadionu yüz faiz bizim azarkeşlər doldurur. Sonra Palmeyras azarkeşlərinin bunu bacarmadığını görürsən və anlayırsan: ‘Böyük azarkeş kütləsi məhz budur.”
Qeyd edək ki, Saul Niqes uzun illər "Atletiko Madrid"də çıxış edib və" Real Madrid" yetirməsidir.



