İsveçli futbolçu Oskar Vallin 24 yaşında peşəkar futbolçu karyerasını bitirdiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, gənc futbolçu qərarının səbəblərini belə izah edib:

“Artıq heç bir istək qalmayıb. Texniki baxımdan yenidən futbola qayıda bilərəm, amma hazırda buna həvəsim yoxdur. İsveçdə oynamaq da məni maraqlandırmır.”

Vallin bildirib ki, futbol səbəbindən uzun illər ərzində kənarda qalan həyatına daha çox vaxt ayırmaq istəyir:

“Son 15 ildə futbol oynadığım üçün qurban verdiyim və ya laqeyd yanaşdığım şeylər var. İndi onları həyata keçirmək istəyirəm. Bəli, artıq oynamağı dayandırmışam.”

O, karyerası ilə bağlı uzunmüddətli planlarının olmadığını da vurğulayıb:

“Futbolda heç vaxt konkret plan qurmadım, hər şeyi axarına buraxdım. Amma uzun müddətdir bilirdim ki, 35 yaşıma qədər oynamayacağam. İndi 24 yaşımda dayandım, bu 27 və ya 22 yaşımda da ola bilərdi.”

Oskar Vallinin erkən yaşda futboldan getməsi idman ictimaiyyətində təəccüb doğurub.