"Zaqatala" yeni mövsümün hazırlıqlarına başlayıb. I Liqa təmsilçisi 3 futbolçusu - Firuz Əhmədov, Nizami Səmədov və Turqut Mustafazadə ilə yollarını ayırıb. Bundan başqa, bölgə klubu Asim Babazadə, Mahmud Məmmədov, Sərxan Abdullayev və Həsən Həsənlini heyətinə cəlb edib. Roini İsmayılov, Kənan Müslümov, Rüstəm Nuruyev və Cavad Qurbanlı ilə bitən sözləşmə yenilənib.
"Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov Offsideplus.az-a açıqlamasında yeni mövsümə hazırlıqlardan danışdı:
"Komandamızdan bir neçə futbolçu ayrılsa da, müqaviləni yeniləmək üçün danışıq apardığımız oyunçular var. Lakin bir məsələ var ki, klubun büdcəsi tam məlum deyil. Maliyyəmiz təsdiq edildikdən sonra hədəf və məqsədlərimizi də ona uğunlaşdıracağıq. Buna görə işlərimizi hazırda köhnə büdcəyə uyğun aparırıq. Qeyd etdiyim kimi, bir neçə oyunçumuzla şifahi danışığımız olub, razılıq əldə etmişik. Sirr deyil ki, ötən il AFFA-nın ayırdığı 300 min manatla işlərimizi görmüşük. Sponsordan nə qədər gəlir əldə etmişik, bu məsələdən xəbərdar deyiləm. Amma əlimizdə olan heyətlə qarşımıza qoyduğumuz hədəf ilk "3-lük"də yer almaqdır. Şəraitə uyğun olaraq planlarımız dəyişə bilər".
Klubla müqaviləsi başa çatan Məmmədov hazırda "Zaqatala" ilə rəsmi razılıq əldə etmədiyini bildirdi:
"Rəsmi müqavilə imzalamasam da, şifahi razılıq əldə etmişik. Yaxın vaxtlarda bu məsələyə yekun vurulacaq. Rəhbərlik qarşısında müəyyən tələblərim olub. Lakin bunlar demək olar ki, həll olunmaqdadır. Düşüncələrimiz və istəklərimiz üst-üstə düşür. Dediyim kimi, əsas məsələ maliyyə ilə bağlıdır. Yaranan problemləri də həll etmək üçün klub rəhbərliyi əlindən gələni edir. Xırda məsələlər həll olunduqdan sonra inanıram ki, yaxşı nəticə əldə edəcəyik. Komanda ilə toplanışa iyulun 25-də başlayacağıq".