Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatları zamanı iki ölkənin birgə futbol üzrə dünya çempionatını keçirmək üçün FIFA-ya müraciət edəcəyini bildirib.
Offsideplus.az xəbər verir ki, Özbəkistanın dövlət başçısı çıxışı zamanı söhbətin hansı yarışdan getdiyini bildirməyib.
"Qərara aldıq FIFA-ya birlikdə müraciət edək ki, Azərbaycan və Özbəkistan bu kateqoriyada futbol üzrə dünya çempionatını birgə təşkil etsinlər".
Redaksiyamıza daxil olan eksklüziv məlumata görə, Azərbaycan və Özbəkistan 20 yaşadək oğlanlardan ibarət milli komandalar arasında 2027-ci ildə keçiriləcək dünya çempionatını birgə təşkil etmək istəyir.
U-20 dünya çempionatı hər 2 ildən baş tutur. Sayca 24-cü belə yarış bu il 27 sentyabr - 19 oktyabr aralığında Çilidə keçiriləcək.
Çempionatda 24 ölkənin yığması qüvvəsini sınayır.
Sözügedən turnirdə hamıdan çox Argentina komandası qalib olub. Braziliya yığması 5 dəfə bu sevinci yaşayıb. 2023-cü ildə gerçəkləşən son yarışda Uruqvay çempion tituluna yiyələnib.
FIFA 2027-ci ildə U-20 dünya çempionatını təşkil etməyə iddialıların rəsmi siyahısını hələlik açıqlamayıb.
U-20 dünya çempionatının 2027-ci il üçün ev sahibinin adı çox güman ki, ilin sonunadək məlum olacaq.