"Qarabağ" klubunun 17 yaşlılardan ibarət komandasının baş məşqçisi Rəşad Sadiqov 5 oyunluq diskvalifikasiya edilib.
Offsideplus.az xəbər verir ki, buna çalışdırıcının AFFA U-17 Liqasında "Zirə" ilə görüşün 78-ci dəqiqəsində rəqibi təhqir etməsi səbəb olub. Bu hərəkətinə görə qırmızı vərəqə alan R.Sadiqov növbəti 5 matçda texniki zonaya buraxılmayacaq.
"Zirə"yə qarşı oyunda "Qarabağ"ın futbolçusu Əli Qazibəyov də təhqiramiz ifadələr işlədib. O, 90+1-ci dəqiqədə rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırılıb. AFFA İntizam Komitəsi futbolçunu 2-si şərti olmaqla, 3 oyunluq cəzalandırıb.
Qeyd edək ki, Rəşad Sadiqov Azərbaycan milli komandasının və "Neftçi"nin sabiq futbolçusudur.