Madrid "Real"ının 18 yaşlı futbolçusu Endrik klubun əfsanəsi Kriştiano Ronaldunun rekordunu təkrarlayıb.
Offsideplus.az xəbər verir ki, gənc hücumçu dünən İspaniya Kral Kubokunda "Real Sosyedad"la matçda (4:4) qol vuraraq, komandasının finala yüksəlməsinə yardımçı olub.
Bu, Endrikin yarışda 5-ci qolu olub. Sonuncu dəfə 2012/13 mövsümündə "Real"ın hər hansısa futbolçusu İspaniya Kral Kubokunda ən azı 5 qol vurub. Həmin mövsüm bu göstəriciyə portuqaliyalı ulduz Ronaldu nail olub. O, 12 il öncə sözügedən turnirdə ümumilikdə 7 dəfə fərqlənib.
Endrik "Real"a ötən ilin yayında Braziliyanın "Palmeyras" klubundan keçib. Arxada qalan 9 ay ərzində baş məşqçi Karlo Ançelotti braziliyalı futbolçuya 29 oyunda güvənib. Düzdür, Endrik bu görüşlərin cəmi 5-də start heyətinə düşüb, qalan 24 matçda isə ehtiyat oyunçular skamyasından mübarizəyə qoşulub. Bu səbəbdən vundekind 29 qarşılaşmada cəmi 562 dəqiqə meydançada olub (orta hesabla hər oyunda 19 dəqiqə). Ancaq qısa zaman kəsiyi Endrikin Madrid təmsilçisində 7 qol vurmasına maneçilik törətməyib: 5 qol İspaniya Kral Kuboku, 1 qol La Liqa, 1 qol Çempionlar Liqasında.