AFFA məşhur futbol hakimini Bakıya dəvət edib.

Offsaydplus.az xəbər verir ki, söhbət UEFA Hakimlər Komitəsinin üzvü, UEFA Talant və Mentor Proqramının rəhbəri, eyni zamanda hakim-inspektor Byorn Kuypersdən gedir.

O, fevralın 27-də “Baku Marriott Boulevard” hotelində hakimlər üçün seminar keçirəcək. Tədbirdə liderlik və oyun idarəçiliyi, kommunikasiya üzrə təcrübələrini bölüşəcək. Həmçinin FIFA dərəcəli hakimlərə döş nişanlarının təqdimatı olacaq.

Seminardan sonra hollandiyalı mütəxəssisin iştirakı ilə brifinq təşkil olunacaq. 
Qeyd edək ki, Byorn Kuypers karyerası ərziində çoxsaylı vacib oyunlarda ədalət prinsiplərini qoruyub. O, iki dəfə dünya (2014, 2018) , üç dəfə isə Avropa çempionatının (2012, 2016, 2020) final mərhələsinin matçlarına təyinat alıb. Həmçinin UEFA Çempionlar Liqası, Avropa Liqası, FIFA klublararası dünya çempionatı, FIFA Konfederasiyalar Kuboku kimi mötəbər yarışlarda dəfələrlə oyunlar idarə edib.
Elit kateqoriyalı hakimə U-21-lərin Avropa çempionatının finalı, 2011-ci ildə UEFA Superkuboku, 2013 və 2018-ci illərdə UEFA Avropa Liqasının finalı, 2013-cü ildə FIFA Konfederasiyalar Kubokunun finalı, 2014-cü ildə UEFA Çempionlar Liqasının finalı və AVRO-2020-nin finalı tapşırılıb.