Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının Avropa çempionu olmasına münasibət bildirib. 

Offsideplus.az xəbər verir ki, M.Cabbarov X platformasında paylaşım edib:

"Biz Avropanın ən güclüsüyük! Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə milli komandamızın növbəti möhtəşəm uğuru hər birimizi sevindirir və qürurlandırır. Həsrət Cəfərovun (67 kq) ardıcıl 4-cü dəfə Avropa çempionu olaraq tarix yazması, Qurban Qurbanovun (82 kq) titulunu qoruyaraq yenidən zirvəyə yüksəlməsi böyük əzmin, zəhmətin və peşəkarlığın bariz nümunəsidir. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasovun (87 kq) qazandığı bürünc medallar da komandamızın döyüş ruhunu bir daha nümayiş etdirdi. Bu əlamətdar uğur münasibətilə idmançılarımızı, onların məşqçilərini və ailələrini səmimi qəlbdən təbrik edir, Azərbaycan idmanının beynəlxalq arenada qazandığı bu qələbələrin davamlı olmasını arzulayıram".