"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Qarabağ"la oyundan sonra (2:1) mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, o, əvvəlcə matçı dəyərləndirib:
"Bugünkü qələbəni azarkeşlərimizə həsr edirəm. Başa-baş mübarizə keçdi və meydanda demək olar ki, hər şey var idi. Birinci hissədə çətin anlarımız olsa da, buraxdığımız qola çox yaxşı reaksiya verdik. Heç vaxt təslim olmadıq və bu inadkarlıq sayəsində qalib gəldik.
Artıq sabahdan bərpaya başlayırıq, çünki bazar ertəsi bizi önəmli matç gözləyir. Kubokda finala çıxsaq da, titulu qazanmadıqca bunun əhəmiyyəti yoxdur. Qarşıda hələ beş çempionat oyunu və görüləsi çox işimiz var".
Litvalı mütəxəssis hakimliklə bağlı vəziyyətə də toxunub:
"Hakim qərarlarını şərh etməyi xoşlamıram, amma ölkədə futbolun inkişafı üçün hakimlik səviyyəsi də artmalıdır. Bir çox ölkədə çalışsam da, hakim qərarlarının hər həftə bu qədər müzakirə olunduğunu görməmişəm. Bəzən eyni epizodlara fərqli yanaşmalar olur; bunlardan nəticə çıxarmaq lazımdır".
Dambrauskas kubok finalındakı rəqibləri "Zirə" ilə bağlı isə bunları söyləyib:
"Final bir oyundan ibarətdir və asan final olmur. İndidən nəsə demək çətindir, sadəcə işimizi görüb qələbə üçün əlimizdən gələni etməliyik. Finallarda hər cür sürpriz ola bilər. İndi bu mövzunu kənara qoyub, növbəti çempionat oyununa fokuslanırıq".


