“C kateqoriyalı məşqçiyəm. Fikrimdə var ki, yaxın gələcəkdə B kateqoriyası üzrə kurslara qatılım”.
Bunu Offsideplus.az saytına açıqlamasında veteran qapıçı Kamal Bayramov deyib.
O bildirib ki, hazırda bütün diqqətini yeni açdığı futbol məktəbinə yönəldib: “Altı ay bundan qabaq məşqçilik kursunu bitirmişəm. Dörd-beş ay öncə isə SUHB futbol məktəbim fəaliyyətə başlayıb. Bir ay fasilə vermişdik. İndi təkrar məşqlərimizə başlayacağıq. Hazırda bütün diqqətimi futbol məktəbinə vermişəm. Bura gələn uşaqları hər ailə bir ümidlə göndərir. Həmin uşaqlara qarşı səhlənkarlıq edə bilmərəm. Kimsə güvənib balasını mənim yanıma qoyursa, mən də ona lazımi diqqəti göstərməliyəm”.
Ötən mövsümün sonunda peşəkar futolçu karyerasını başa vuran 39 yaşlı Bayramov bir neçə təklifinin olduğunu deyib: “Şamaxı” mənə məşqçi kimi qalmağı təklif etmişdi. Ayxan Abbasovla bu məsələ ilə bağlı iki dəfə görüşümüz olub. Ortaq məxrəcə gələ bilmədiyimiz üçün razılıq vermədim. Anlaşa bilmədiyimiz məsələlər haqqında danışmaq istəmirəm. “Şamaxı”ya isə yeni mövsümdə uğurlar arzulayıram. Hazırda başqa klublardan təkliflərim var. Ancaq ətraflı düşünüb, götür-qoy etmək üçün vaxt lazımdır”.
Qeyd edək ki, birinci dəfə 2020-2022-ci illərdə "Şamaxı"da oynayan K.Bayramov bu ilin yanvar-may aylarını da bu klubda keçirib.
Qapıçı karyerası ərzində "Turan Tovuz", "Səbail", "Zirə", AZAL, "Araz-Naxçıvan", "Rəvan", "Xəzər Lənkəran", "Muğan" və "Neftçi"də də çıxış edib.



