Azərbaycan milli komandasının üzvü Emil Mustafayev şərəfini qoruduğu "Çernomorets"in heyətində Ukrayna Premyer Liqasında növbəti matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi XXV tur çərçivəsində "Veres"lə səfər görüşündə forma geyinib.
Matça ehtiyat oyunçular skamyasında başlayan Emil 61-ci dəqiqədə mübarizəyə qoşulub. Lakin o, komandasını 1:2 hesablı məğlubiyyətdən xilas edə bilməyib.
Hazırda "Çernomorets" 18 xalla 16 kollektiv arasında 15-cidir. Odessa təmsilçisi çempionatın axırıncı 5 turunda ciddi nəticə göstərə bilməsə, I Liqaya yuvarlanacaq.
Xatırladaq ki, E.Mustafayev Azərbaycan yığmasında 5 oyun keçirib.



