Azərbaycan Premyer Liqasında bir zamanlar 21 yaş limiti tətbiq edilirdi.
Çempionat oyunlarında ən azı bir gənc futbolçumuzun meydana çıxması təmin edilirdi. Bu sistem gənclərimizin inkişafına dəstək olmaqla yanaşı, milli komanda üçün yeni istedadların yetişməsinə imkan yaradırdı. Lakin, 2 mövsüm AFFA bu sistemin ləğv etdi. İndi Premyer Liqa komandalarında tək-tük sayda 21 yaşadək oyunçu əsas heyət üzvüdür. Dünən Serbiyaya məğlubiyyətdən sonra Samir Əliyev bu məsələdən şikayətləndi. Mütəxəssis komandalarımızda gənclərin oynamadığını dilə gətirdi. Baş məşqçi hazırkı vəziyyətin narahatedici olduğunu qeyd edir. Bəs, gənc futbolçuların şanslarını artırmaq və liqada daha aktiv olmalarını təmin etmək üçün 21 yaş limitini geri qaytarmaq lazımdırmı?
Suala cavab tapmaq üçün tanınmış agent Emil Şükürova üz tutduq. Menecer Offsideplus.az-a açıqlamasında məsələ ilə bağlı bunları dedi:
"Qətiyyən olmaz! Dünyanın heç bir yerində süni oyunçu limiti uğur qazandırmayıb. Bizdə də eyni vəziyyət müşahidə olunur. Limit tətbiq edilən dövrdə U-21 oyunçuları əsasən dayaq yarımmüdafiəçiləri və cinah müdafiəçiləri mövqelərində meydana çıxdılar. AFFA və PFL klubları gənc oyunçuları oynatmaq üçün stimullaşdırıcı tədbirlər görməlidirlər. Məsələn, legionerlərə görə ödənilən üzvlük haqlarının bir hissəsi mövsüm boyunca yerli gənclərə şans verən klublar arasında paylanmalıdır. Bununla yanaşı, klubların baş məşqçiləri ilə mütəmadi görüşlər keçirərək cavanlarımız haqda məlumat mübadiləsi aparılmalıdır. Futbolçular da əlavə məşqlərlə və daha çox əzmkarlıqla əsas komandanın layiqli üzvləri olduqlarını nümayiş etdirməlidirlər."