Estoniya millisinin baş məşqçisi Tomas Heberli AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan yığması ilə Tallində keçirəcəkləri F qrupunun oyunu ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları deyib:
“Biz optimistik, eyni zamanda realist olmalıyıq. Azərbaycan səviyyə baxımından bizə ən yaxındır və bu, təbii ki, oyunu vacib edir. Biz həmişə öz oyunumuzu yaxşılaşdırmağa çalışırıq.
İyunda Bakıda keçirilən oyundakı heç-heçədən (1:1) nəyi götürə bilərik? Fikrimcə, biz orada yaxşı oynadıq, xüsusən də birinci hissədə. Azərbaycanın texniki və emosional komandası var, onların oyunçuları yaxşı səviyyədə oynayır. Amma bizim də yaxşı komandamız var – fərqli, lakin yaxşı. Oyuna nəzarət etməyi bacarmalıyıq, baxmayaraq ki, onlar topa oynamağı sevirlər - İsveçə qarşı oyunda rəqiblərindən daha çox topa sahib idilər və bu, onlar haqqında çox şey deyir. Biz kompakt olmalıyıq, hücum və müdafiə arasında yaxşı tarazlıq tapmalıyıq”.