“Çətin olacağını bilirdik. “Turan Tovuz”un oturuşmuş sistemi var. Qələbə münasibəti ilə onları təbrik edirəm. Biz hazırlığa bir qədər gec başladıq. Bu səbəbdən də pressinqdən az istifadə etməklə erkən qol vurmaq istəyirdik. Təəssüf k, istədiklərimizi edə bilmədik. İkinci hissədə dirəkdən qayıdan topumuz oldu. Bundan sonra heç cür oyunumuz alınmadı. Gücümüz 70-75 dəqiqə mübarizə aparmağa çatır”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Araz Naxçıvan” klubunun baş məşqçisi Azər Bağırov Premyer Liqanın ilk turunda “Turan Tovuz”a 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Mütəxəssis məğlubiyyətə görə tək qapıçını günahlandırmaq istəməyib: “Bəli, qapıçının səhvləri oldu. Futbolda belə hallar olur. Amma səhvlər ardıcıllıq təşkil etdi, zəncirvari idi. Buna görə də tək günahı onun üzərinə atmaq olmaz”.
“Araz Naxçıvan”ın baş məşqçisi kapitan sarğısını legioner futbolçuya etibar etməsinin səbəbini belə izah edib: “Legionerlərə daha çox motivasiya vermək üçün bu addımı atmışdım. Düşündük ki, bununla legionerlərə inam vermiş olarıq. Həm də düşündük ki, əsas çətinlik müdafiə xəttində olacaq. Məncə, Kurdiç kapitanlığın öhdəsindən gəldi. Futbolçuları yerli və ya gəlmə kimi bölmək istəməzdim”.
Azər Bağırov mövümün startında istefaya göndəriləcəyi barədə yayılan xəbərlərə də münasibət bildirib: “Kreslo əbədi deyil. Yerimə başqa məşqçi də gələ bilər, illərlə burda da qala bilərəm. Mənim üçün qorxulu hal deyil. Alnım açıqdır və sabah uğursuzluq olsa, gedə bilərəm”.
O, 1 oyunla “Araz Naxçıvan”ın çıxışına qiymət verməyin tez olduğunu söyləyib: “Komandama güvənirəm. Düşünürəm ki, bir oyunla heç nə bitmir. Gec toplaşmışıq, bu gün də transferlərimiz davam edir. Komandanın fiziki durumu və anlaşması istənilən səviyyədə deyil. İnanıram ki, bütün bunların öhdəsindən gələcəyik”.