"Bu sualı mən jurnalistlərə verirəm. Karyeramın davam etməsini istəyirsiniz? Karyeram haqda fikrim qətidir, hələ yaşıl meydanlardayam".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Turan Tovuz"un 37 yaşlı qapıçısı Kamal Bayramov deyib. Qərb təmsilçisinin kapitanı karyerasını bitirib-bitirməyəcəyi haqda danışıb.
"Son zamanlar bu barədə suallar tez-tez verirlər, görünür, yaşımla əlaqədardır. İnanın, özümü heç 37 yaşda kimi hiss etmirəm. İndikindən azı 10 yaş cavan hiss edirəm. Şükürlər olsun, gücüm, istəyim var, yetəri qədər əzmkaram.
Əgər gücüm varsa, komandama xeyir verəcəyəmsə, niyə futboldan gedim? Təcrübəyə də qalanda, düşünmürəm ki, praktika və futbol nəzəriyyəsi tərəfdən axsamam var. Əksinə, hər şey qaydasındadır. Mənfi fikirlərə qapılmıram, açığı, buna ehtiyac da duymuram. Komandamın kapitanıyam. Kapitan kimi yeni uğurlara imza atmağı hədəfləmişəm. Oynayıb, karyeramı davam etdirmək istəyirəm. Bu qədər".
Təcrübəli "çərçivə qoruyucusu"nun "Turan Tovuz"la müqaviləsinin müddəti bu ilinin 30 iyununda başa çatır.
Offsideplus.az